Vətən Vətən müharibəsində şanlı Qələbəmizin yaratdığı yeni reallıqlardan biri də iqtisadi rayonların bölgüsünün yenilənməsi oldu. Bu, işğaldan azad edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi, eləcə də əhalinin doğma torpaqlarına qayıdışı üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasını şərtləndirən önəmli məsələ idi. Məhz bunları prioritet vəzifə elan edən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının yeni iqtisadi bölgüsünü müəyyən edən 2021-ci il 7 iyul tarixli Fərmanı ilə ölkənin iqtisadi rayonlarının siyahısına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıda əlavə edildi. Bu tarixi sənədlə Azərbaycanın mövcud iqtisadi rayonlarının sayı 10-dan 14-ə yüksəldi. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları 10 iqtisadi rayon üzrə həyata keçirilirdi. Lakin 30 il Ermənistanın işğalı altında qalmış Ağdam və Füzuli rayonlarının bir hissəsi, keçmiş Dağlıq Qarabağ ərazisinə daxil olan ərazilər və Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları bu proqramların təsir dairəsindən kənarda qalmışdılar.
Bu, bir həqiqətdir ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyasına uyğun müasir iqtisadi inkişaf strategiyası həyata keçirilir. Dövlət başçısının 2003-cü ildən başlayaraq imzaladığı ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı ilə bağlı idi. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində qəbul edilmiş 4 Dövlət proqramı böyük əhəmiyyət kəsb etmişdir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, onlarınn potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Bu dövlət proqramları çərçivəsində ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətinin daha da gücləndirilməsinə və 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizin qazanılmasına əsaslı zəmin yaratmışdı.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ərazilər üzrə yaradılan yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tərkibinin müəyyənləşdirilməsi isə Prezidentin yuxarıda qeyd olunan Fərmanında aydın şəkildə izah edilib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edib.
Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik olan qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması zərurətini ortaya çıxarıb. Beləliklə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının daxil olduğu Şərqi Zəngəzur və Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil olmaqla Qarabağ iqtisadi rayonları yaradılıb. Onu da xüsusi vurğulamaq gərəkdir ki, Yəni ölkəmizin başçısı Şərqi Zəngəzur iqtisadi rayonunu yaratmaqla, həm də tarixi ədaləti bərpa etdi. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Bununla Prezident İlham Əliyev dövlətin gələcək strategiyasını açıq elan edib.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş tikinti-quruculuq və bərpa işləri, müxtəlif təyinatlı sosial-infrastruktur layihələri, Böyük Qayıdışın reallaşmasını təmin edəcək yaşayış sahələrinin tikintisi Prezidentin bir il öncə imzaladığı tarixi Fərmanın uğurlu göstəricisidir. Dünya bazarında neftin qiymətinin artması ilə dövlət büdcəsində edilən dəyişiklik də bu prosesin daha da sürətlənməsinə real zəmin yaradıb.
Qeyd edək ki, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarımızdakı bərpa və quruculuq işləri üçün həm 2021, həm də 2022-ci ildə 2,2 milyard manat vəsait ayrılıb. Ötən ay Azərbaycanın dövlət büdcəsinə edilən dəyişiklikdən sonra bu vəsaitin həcmi daha 470 milyon manat artırılıb. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdəki işlərlə bağlı bütövlükdə 4 milyard 870 milyon manat vəsaitin ayrılması göstərir ki, dövlətimiz Qarabağ və Şərqi Zəngəzuru tezliklə dünyanın ən gözəl məkanlarından birinə çevirəcək.
Elçin Zaman, «İki sahil»