21 avqust 2026 15:48
102

Prezidentin UzA-ya müsahibəsi: Azərbaycan-Özbəkistan qardaşlığının yeni siyasi mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Möhtərəm Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər hazırda yeni və daha yüksək mərhələyə yüksəlib:

“Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Nəticədə Azərbaycan–Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sənədlər, xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və müttəfiqlik münasibətlərinə dair sənədlər əlaqələrin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib”.

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Özbəkistan arasındakı siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.

“Bu çoxşaxəli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. İqtisadi-ticari münasibətlərdə müşahidə olunan dinamika xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əlaqələrin iqtisadi potensialının nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artması qarşılıqlı iqtisadi marağın davamlı şəkildə yüksəldiyini nümayiş etdirir. Bundan başqa, nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət qazandırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi inteqrasiyasına yeni impuls verir”.

S.Salmanova söyləyib ki, Azərbaycan–Özbəkistan əməkdaşlığında Qarabağın və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur: “Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil, Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə birgə baxışın rəmzidir. Təhsil sahəsində qarşılıqlı mübadilələr də genişlənir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması gənc nəslin qarşılıqlı əlaqələrinin inkişaf etdiyini göstərir. Bu münasibətlər gələcəkdə iki ölkənin elmi, intellektual və peşəkar potensialının daha sıx əməkdaşlığı üçün mühüm zəmin yaradır”.

Parlamentari onu da vurğulayıb ki, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır: “Hər iki dövlət Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsinə, təşkilat daxilində iqtisadi, nəqliyyat, mədəni və humanitar əlaqələrin inkişafına ardıcıl dəstək verir. Azərbaycan ilə Özbəkistanın ikitərəfli müttəfiqlik münasibətləri Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsi baxımından mühüm amildir. Bu gün Azərbaycan–Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində də mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, enerji və iqtisadi layihələrin həyata keçirilməsi yeni əməkdaşlıq imkanları yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq uzunmüddətli strateji perspektivə malik hərtərəfli tərəfdaşlıq modelinə çevrilib. Bu modelin əsasını siyasi etimad, iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq və xalqlarımızın qarşılıqlı rəğbəti təşkil edir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsində ifadə etdiyi fikirlər də məhz bu reallığı təsdiqləyir. Əminliklə demək olar ki, Azərbaycan və Özbəkistan qardaşlığı, strateji müttəfiqliyi bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, birgə addımlarımız Türk dünyasının güclənməsinə, regionda sülh, sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək”.