Azərbaycan Respublikasının konstitusion quruluşunun ana xəttini təşkil edən dünyəvilik prinsipi dövlətlə din arasındakı münasibətləri, ictimai proseslərin hüquqi tənzimlənməsini və təhsil sisteminin əsas istiqamətlərini müəyyən edən fundamental normadır. Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-1-ci maddəsinə əsasən, ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəvilikdir. Bu, milli və ümumbəşəri dəyərlərin harmonik vəhdəti əsasında dünyəvi ümumi təhsil sisteminin formalaşdırılması və inkişaf etdirilməsini tələb edir. Bu prinsip dini etiqad azadlığının məhdudlaşdırılması kimi deyil, dövlətin bütün dini inanclara neytral yanaşması, vətəndaşların qanun qarşısında bərabərliyinin qorunması və fərdi hüquqların müdafiəsi kontekstində dəyərləndirilməlidir. Dünyəvi dövlət modelinin mahiyyəti dini inancları inkar etməkdən ibarət deyil; bu model dövlət idarəçiliyinin və ictimai institutların qanunun aliliyi prinsipləri əsasında fəaliyyət göstərməsini təmin edir. Bu baxımdan, dünyəvi təhsil sistemində məktəbli formasının tətbiqi də sıradan bir inzibati tələb və ya zahiri görünüş məsələsi deyil. Bu, təhsil müəssisələrində vahid intizamın bərqərar olunması, şagirdlər arasında sosial bərabərliyin qorunması və sağlam tədris mühitinin formalaşdırılması zərurətindən irəli gəlir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K. Bayramov vurğulayıb ki, Azərbaycan əsrlər boyu Türk-İslam sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi formalaşıb. İslamın mənəvi dəyərləri və zəngin mədəni irsi xalqımızın tarixi yaddaşında, adət-ənənələrində və ictimai həyatında dərin iz qoyub. Bu gün də dini-mənəvi irsin mühafizəsi, tarixi-dini abidələrin bərpası və etiqad azadlığının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlətin birbaşa dəstəyi ilə ölkə ərazisindəki qədim məscid və ziyarətgahlar bərpa olunur, yeni ibadət evləri istifadəyə verilir.
Deputat xüsusilə işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpasının müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ermənistanın işğalı dövründə həmin torpaqlarda dağıdılmış və ya yararsız hala salınmış 67 məscid Azərbaycanın tarixi-dini irsinə vurulan ziyanın miqyasını aydın göstərir. Tarixi Zəfərdən sonra bu ərazilərdə məscidlərin və digər inanc ocaqlarının yenidən qurulması milli-mənəvi dəyərlərə dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürüdür. Eyni zamanda, Ramazan və Qurban bayramlarının ölkə miqyasında təntənə ilə qeyd olunması, dövlət başçısının xalqa təbrikləri də dini ənənələrə və vicdan azadlığına göstərilən dərin ehtiramın bariz nümunəsidir. Lakin təəssüf ki, ölkəmizdəki bu sağlam dini-mənəvi mühitə baxmayaraq, bəzi xarici mərkəzlər məsələni manipulyasiya etməyə çalışırlar. Bu gün bəzi qonşu ölkələrdə baş örtüyü (hicab) mövzusu süni şəkildə qabardılır və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə qarşı məqsədyönlü kampaniya aparılır. Bu qərəzli təbliğatın başlıca aktorları məhz həmin kənar mərkəzlər və onların nəzarətində olan resurslardır. Prezident İlham Əliyev xarici dairələrin Azərbaycana qarşı yönəlmiş ideoloji təxribatlarının əsl məqsədini xüsusi vurğulayaraq bildirib: “Birliyimizi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.
K. Bayramovun sözlərinə görə, Azərbaycan modelində dünyəvilik prinsipi heç bir halda dini inancların sıxışdırılması anlamına gəlməməlidir. Əksinə, tarixi təcrübə göstərir ki, dini etiqad azadlığının və fərdi hüquqların ən təhlükəsiz zəmanəti məhz dünyəvi dövlət modelində mümkündür. Dünyəvi təhsilin əsas məqsədi gənc nəslin hər cür kənar ideoloji təsirlərdən, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan və kənar simvolikalardan uzaq, azad və obyektiv mühitdə formalaşmasına şərait yaratmaqdır. Məlumdur ki, məktəb yalnız fənlərin tədris olunduğu təhsil müəssisəsi deyil, eyni zamanda gələcək cəmiyyətin təməlini qoyan, uşaq və gənclərə sosial həyatda birgə yaşamaq vərdişlərini aşılayan mühüm bir sosial institut rolunu oynayır. Bu baxımdan təlim-tərbiyə ocaqlarında həm şagirdlər, həm də müəllimlər üçün müəyyən edilən geyim normaları sırf zahiri görünüş məsələsi olmayaraq, dərin pedaqoji fəlsəfəyə, sosial adaptasiyaya və daxili intizam qaydalarına dayanır. Müəllim təhsil ocağının rəsmi nümayəndəsi və peşəkar dəyərlərin daşıyıcısıdır. Onlar üçün vahid geyim qaydalarının tətbiqi məktəbdə peşəkar iş mühitinin formalaşmasına və idarəetmənin effektivliyinə xidmət edən əsas amillərdəndir. Şagirdlərin vahid forma geyindiyi mühitdə müəllimlərin də işgüzar üsluba riayət etməsi məktəbdaxili nizam-intizama hörmət hissini gücləndirir. Ən əsası isə geyim standartlarının müəyyənləşdirilməsi təhsil mühitində sosial-iqtisadi fərqlərin qabarmasının qarşısını alır və ayrı-seçkilik risklərini minimuma endirir. Tələblərə əməl olunması şagirdlərdə, müəllimlərdə və valideynlərdə təhsilə daha ciddi və məsuliyyətli münasibət formalaşdırır, məktəbdaxili münasibətlərdə peşəkarlığı artırır.
Deputat diqqətə çatdırıb ki, məktəblərdə geyim norma və standartlarının tətbiqi həm milli qanunvericiliyə, həm də beynəlxalq təcrübəyə əsaslanır. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, dövlət təhsil siyasətinin əsas prioritetlərindən biri milli və ümumbəşəri dəyərlərin sintezinə dayanan dünyəvi təhsil sisteminin inkişafıdır. "Uşaq hüquqları haqqında" Qanun isə uşaqların dini etiqada məcbur edilməsini qadağan edir və dini tərbiyənin uşağın sağlamlığına mənfi təsir göstərməməsini tələb edir. Nazirlər Kabinetinin müvafiq qərarı (21 sentyabr 2026-cı il, № 309 Qərar) ilə şagirdlərin geyim vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipi ilə ziddiyyət təşkil edən geyim elementlərindən istifadəsi məhdudlaşdırılıb. Məktəbin Pedaqoji Şurasının qərarı ilə yalnız milli-mədəni tədbirlər zamanı milli geyimlərdən istifadəyə icazə verilir. Valideynlər bu tələblərə riayət olunmasını təmin etməyə borcludurlar.
Müəllimlərin əmək fəaliyyəti zamanı və məktəbi təmsil etdikləri rəsmi tədbirlərdə sadə, səliqəli, mövsümə uyğun işgüzar geyimdə olmaları təsbit edilib (6 oktyabr 2026-cı il, № 325 Qərar). Geyim elementləri dünyəvilik prinsipinə tam cavab verməlidir. Müəyyən praktiki və spesifik fənlərin (fiziki tərbiyə, kimya, biologiya, fizika, texnologiya, çağırışaqədərki hazırlıq) tədrisi zamanı isə iş şəraitinə uyğun rahat və funksional geyimlərə icazə verilir.
Təhsil müəssisələrində uniforma və geyim standartlarının tətbiqi beynəlxalq aləmdə, xüsusən də region ölkələrində geniş yayılmış təcrübədir. Məsələn, Qazaxıstanda Təhsil və Elm Nazirliyi tərəfindən məcburi məktəbli forması tələbləri 16 fevral 2016-cı ildə rəsmiləşdirilmişdir. Qırğızıstanda hökumətin vahid məktəbli forması haqqında tələbləri 1 sentyabr 2015-ci ildən qüvvədədir. Özbəkistanda dövlət ümumtəhsil məktəblərində şagirdlərinin müasir forma ilə təmin olunması barədə qərar 15 avqust 2018-ci ildə qəbul edilmişdir. Türkmənistanda da dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında əsasnamə Prezidentin 1 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənmişdir.
K.Bayramov əlavə edib ki, göründüyü kimi, Azərbaycan dövlətinin təhsil və ya idarəetmədə tətbiq etdiyi daxili qaydalar İslama və ya dini inanclara qarşı yönəlməyib. Bu addımlar dünyəvi dövlətçilik prinsiplərini, qanunun aliliyini, ictimai intizamı və milli-mənəvi irsin sağlam zəmində gələcək nəsillərə ötürülməsini təmin edən kompleks idarəçilik modelinin tərkib hissəsidir. Bir daha vurğulayaq ki, geyim normativləri təhsil ocaqlarında nizam-intizamın gücləndirilməsinə, korporativ idarəetmə mədəniyyətinin yüksəldilməsinə və təhsilin dünyəvi mahiyyətinin qorunub saxlanılmasına yönəlmiş kompleks və hüquqi baxımdan əsaslandırılmış tədbirlər sistemidir.
Səbinə Salmanova: Yad təsirlərin cəmiyyətimizdə parçalanma yaratmasına imkan verməməliyik
Türkmənbaşı zirvəsinin əsas mesajları: Regional təhlükəsizlik və iqtisadi inteqrasiya