18 iyul 2022 22:45
827

I Qarabağ müharibəsi şəhidinin doğum günündə ailəsi ziyarət olunub FOTO

Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, I Qarabağ müharibəsinin şəhidi, rayonun Aşağı Cürəli  kəndindən olan Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət edildi.

“İki sahil” xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədri Qalib Bağırov şəhidin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlandılar. Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Bildirildi ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Rayon təşkilatının sədri Kamil Qurbanlı dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Şəhidin anası Solmaz Kəlbiyeva oğlunun Sovet ordusundakı xidmətini yarımçıq qoyaraq Qarabağ uğrunda gedən döyüşlərə qatıldığını, digər bir övladının və dörd nəvəsinində  44 günlük müharibənin iştirakçısı olduqlarını, oğlu Əşrəfin II Qarabağ müharibəsində iki dəfə yaralandığını bildirdi. Oğullarını Vətən üçün böyütdüyünü bildirən Solmaz ana nə vaxt lazım gələrsə, onları cəbhəyə göndərməyə hazır olduğunu bildirdi.

Qeyd edək ki, Biləsuvar şəhərinin küçələrindən biri hal-hazırda “Azərbaycan Bayrağı” ordenli şəhid Şaiq Tahir oğlu Kəlbiyevin adını daşıyır.

Allah rəhmət eləsin!