18 iyul 2022 21:19
830

Ağstafada şəhidlərin doğum günlərində xatirələri anılıb FOTO

Vətən müharibəsi şəhidləri Məmmədli Fazil Razim oğlunun və Ələsgərov Mətləb Vüqar oğlunun doğum günlərində əziz xatirələri yad olunub.

“İki sahil” xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa üzrə nümayəndəliyinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Əlizadə Xəyal Nəsrəddin oğlunun, Nəzərli Vasif Zahid oğlunun və Tovuz döyüşləri şəhidi Babayev Yaşar Vasif oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Fazil Məmmədlinin və Mətləb Ələsgərovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidlərimizin keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Fazil Məmmədli 2020-ci il oktyabr ayının 12-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, həmçinin, döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mətləb Ələsgərov 2020-ci il oktyabr ayının 7-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.