11 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, YAP rayon təşkilatının əməkdaşları və fəalları, Şəhid ailələri, Şəhidin döyüş yoldaşları, qazilər, Vətən müharibəsi iştirakçıları, din xadimləri, təhsil və mədəniyyət işçiləri, rayonun gəncləri, ağsaqqalları və ziyalıları Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Həşimli Cəmil Əflatun oğlunun doğum günü ilə əlaqədar Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin məzarları ziyarət edilmiş, ruhlarına dualar oxunmuşdur.
“İki sahil” xəbər verir ki, sonra “Günəş” şadlıq sarayında şəhidin adına ehsan süfrəsi açılmış və tədbir davam etmişdir.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bu günkü qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova, şəhidlərin valideyinləri və digər çıxışçılar Şəhid Həşimli Cəmil Əflatun oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açmışlar.
Daha sonra tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstərmişlər.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Şəhid Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə savaşıb və şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Cəmil Həşimli "Vətən uğrunda" , “Cəsur döyüşçü” , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Şəhidimizin işıqlı xatirəsi daim insanların qəlbində yaşayacaq və gənc nəsillərə örnək olacaqdır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.