44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Quluzadə Kamran Pərviz oğlunun doğum günü qeyd edildi.
“İki sahil” xəbər verir ki, ilk öncə Şəhidimizin Ağsu rayonu Gəgəli kəndində olan məzarı ziyarət olunaraq üzərində gül dəstələri düzülmüş və şəhidimizin ruhuna dualar oxunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, SHXÇDX-nin Ağsu rayon şöbəsinin nümayəndələri, Vətən mühüharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Daha sonra şəhidin yaşadığı evdə təşkil olunmuş mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, son illərdə dövlət tərəfindən davamlı olaraq ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilmişdir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış və torpaqlarımız işğal altından azad edilmişdir.
44 günlük Vətən Müharibəsindəki şanlı Qələbədə igidlik və şücaət göstərərək düşmənin ağır itkilər verməsində xüsusi rolu olan oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, həmçinin igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamı ilə Kamran Quluzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Şəhidin valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.