Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Novruzov Aqşin Şahin oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
“İki sahil” xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov şəhidin ailəsi və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Novruzov Aqşin Şahin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və 30 dekabr 2020 -ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə (ölümündən sonra) təltif edilib.