Tərtər rayon Yenikənd kəndində Vətən müharibəsi şəhidi Qasimov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olmuşdur.
“İki sahil” xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov , hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra bulaq kompleksinin üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin anası İsmira Qasımova, əmisi Rafiq Əliyev, kənd ağsaqqalı Məhəmməd Şirinov çıxış edərək Azər Qasımovun qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Şəhid Azər Qasımov 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları təltif olunmuşdur.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik!