YAP İmişli rayon təşkilatı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Vətən müharibəsində könüllü iştirak edərək Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Elgün Əli oğlu Həsənovun doğum gününü ailə üzvləri ilə birgə qeyd ediblər.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, rayon ziyalıları, YAP fəalları, müxtəlif mətbuu orqanların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Çıxış edən şəhid Elgün Həsənovun anası Aygün Həsənova təşkil edilən tədbirə görə minnətdarlığını bildirib.
Digər çıxış edənlər Elgün Həsənovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.