Ağstafa rayonunda Vətən müharibəsi şəhidi İsmayılov Rəhman Mehdi oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri İsmayılov Bahələddin Temraz oğlunun və Bağırov Aqil Fazil oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.
Daha sonra tədbir iştirakçıları şəhid Rəhman İsmayılovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rəhman İsmayılov 2020-ci il oktyabr ayının 19-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.