18 avqust 2022 23:39
637

Lənkəranda növbəti səyyar qəbul FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  Gəgiran kənd inzibati ərazi dairəsinə vətəndaş səyyar qəbul-görüşünə adəti üzrə  İcra hakimiyyəti aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə bərabər gəlmişdi. Əvvəlcə  Gəgiran kənd qəbiristanlığında şəhidlərin məzarları ziyarət olundu, önünə tər çiçəklər düzüldü. Vətən torpaqların azadlığı uğrunda canını fəda edən Azərbaycan övladların  əziz xatirəsi bir dəqiqəlik sükutla  anıldı və  icra başçısı əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğılarını öyrəndi.  Səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, onları şəxsi nəzarətinə götürdü. Sonra geniş çıxış etdi:- Şəhid ailələri,   Vətən müharibəsi iştirakçıları daim diqqət mərkəzindədir.  Dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır.

Bu həqiqətdir ki, Azərbaycan dövlətinin iqtisadi, hərbi və siyasi gücü, beynəlxalq münasibətlər sistemində mövqeyi, regional məsələlərin həllinin onun iştirakı olmadan mümkünsüzlüyü artıq dünyanın güc və beyin mərkəzləri tərəfindən birmənalı şəkildə qəbul edilir. Bu isə dövlət başçısının qətiyyətli siyasəti nəticəsində mümkün olub.  Hər bir Azərbaycan vətəndaşı onun arxasında hüquq və mənafelərini qoruyan qalib dövlətin olduğuna əmindir.

Son günlər ermənilərin Qarabağda təxribat törətməsi və Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə dərhal qısa müddətli  Qisas əməliyyatının keçirilməsi nəticəsində şəhidimizin qisası alınıb. Bu, dövlətin vətəndaşına qarşı atılan istənilən addıma adekvat mövqe ortaya qoymaq istək və iradəsindən irəli gəlir .

Bundan sonra yerli vətəndaşlar bir-bir durub danışdılar. Onlar  ölkədə ərzaq təhlükəsizliyi sahəsində cənab Prezidentin gördüyü işləri ortaya  qoydular. Onu da bildirdilər ki,  ən ucqar dağ kəndlərində belə qida və ərzaq  qıtlığı yoxdur. Bütün bunlara görə  dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi  minnətdarlıq olundu.

 Səyyar qəbuldan sonra Taleh Qaraşov torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən, şəhid atası Şakir Qəni oğlu Əhədovun evində şəhər İcra hakimiyyətinin maliyyə dəstəyi hesabına  aparılan tikinti işləri ilə yerindəcə tanış oldu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü