Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür. Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər. Bu münasibətilə Vətən müharibəsi şəhidləri, sərhədçi hərbiçilər Yusifli Azər Nazim oğlunun və Ələkbərov Məhəmmədəli Bayram oğlunun əziz xatirələri yad olunub.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər Evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları şəhidlərimizin məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin baş giziri Azər Yusifli 2020-ci il oktyabr ayının 21-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azər Yusifliyə “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sərhəd qoşunlarının giziri Məhəmmədəli Ələkbərov 2020-ci il oktyabr ayının 21-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.