20 avqust 2022 15:30
615

Ürəklərdə yuva quran qəhrəman

44 gün davam edən Vətən müharibəsində qələbənin əldə olmasında  hünər göstərib şəhidlik zirvəsinə ucalan igidlərdən biri də  Masallının Viləş kəndində dünyaya göz açmış  İntiqam Bayram oğlu Əsgərlidir.  İkinci Qarabağ savaşı başlananda İntiqam  ömrünün 30-cu ilini yaşayırdı.   Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılır.   Vətən qarşısında əsgəri borcunu yerinə yetirib  evə qayıtmaq əvəzinə  2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirir.  2014-cü il Xüsusi Təyinatlı Qüvvələrində işə başlayır.   

İntiqam Əsgərli Vətən müharibəsində ağır döyüşlərdən keçməklə sözün əsl mənasında tarix yazır. Şuşanın azadlığı uğrunda gedən haqq savaşımızda   qəhrəmancasına şəhid olur. Ölümündən sonra  “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən  İntiqam Əsgərliyə Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilir. Masallı şəhərinin mərkəzi küçələrdən  biri  qəhrəmanın  adını daşıyır. Həm də iki övladı - Nur və İntiqam ondan yadigar qalıb...

Bu günlərdə  Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam  Əsgərlinin anım mərasimi keçirildi.    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatın, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və fəalların, Milli Məclisin deputatları Məşhur Məmmədovun və professor Anar İsgəndərovun, hüquq-mühafizə orqanlarının nümayəndələrin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayevin, şəhid valideynlərin, müharibə iştirakçıların, ziyalılar, ictimaiyyət və KİV nümayəndələrin qatıldığı mərasim ulu öndər Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla  anılmaqla başlandı. Mərasimə gələnlər İntiqam Əsgərlinin, eləcə kənddən olan  şəhidlərin məzarlarını baş çəkdilər,  ehtiram əlaməti olaraq üstünə gül dəstələri qoydular.

Şəhidin  böyüdüyü evə gələn ziyarətçilər  burada  mərasimi davam etdilər. Söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova verildı:” Bütün xalq  şəhidlərlə  şərəf duyur. Bu gün hamımızın damarından şəhid qanı axır. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev deyir ki, onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaq. Bəli, şəhidlər ölməyib, onlar əbədi ad qazanıblar… O valideynlər xoşbəxtdirlər ki, belə bir oğullar, İntiqam kimi, Nurlan kimi övladlar böyüdüblər. Sizin ailəniz bütöv Azərbaycan üçün örnəkdir”.   

İki şəhid anası - İntiqamın və Aprel döyüşlərinin şəhidi Nurlanın anası Ziba xanım öz çıxışında   övladlarının keçdiyi döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hissindən danışdı. Bildirdi ki, övladları az ömür yaşasa da, torpaq uğrunda şəhid olublar. Onların adları tarixdə əbədi qalacaq.

Milli Məclisin deputatları Məşhur Məmmədov  professor Anar İsgəndərov və digər çıxışçılar 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açdılar, qəhrəmanlıq dastanı yazan, cənnətdəki növbəti ad gününü qeyd edən İntiqam kimi igid oğulların Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi yaşayar və Vətən yolunda şəhid olanların xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin müqəddəs  vətəndaşlıq borcudur dedilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü