22 avqust 2022 07:59
656

Ağstafada rayonunda ağsaqqallar və ziyalılar ilə görüş keçirilib

Ağstafa rayonu Səməd Vurğun adına mədəniyyət və istirahət parkında rayon ağsaqqalları və ziyalıları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.

İlk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir ölkəmizdə ağsaqqallar daim yüksək hörmət və nüfuz sahibi olmuş, bu gün də hər bir yeniyetmə və gəncin Vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasında onların müstəsna xidmətlərinə, müdrik tövsiyələrinə istinad olunur.

Daha sonra görüşdə çıxış edən rayon ağsaqqalları Şanlı Qələbəmizdən sonra Azərbaycanın özünün mühüm inkişaf dövrünə qədəm qoymasına, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, əmin-amanlığa, günbəgün qüdrətlənən iqtisadi gücümüz sayəsində işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələrin reallaşdırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ağstafalılar adından dərin minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Ağstafa rayonunda abadlıq-quruculuq, sosial-iqtisadi, ictimai, mədəni və digər sahələrdə icra olunan layihələr müzakirə olunub, ağsaqqalların tövsiyələri dinlənilib və əlavə fikirləri öyrənilib.