22 avqust 2022 08:35
782

Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Biləsuvar rayon Çaylı kəndində  Vətən müharibəsi şəhidi Məmişli Sahil Ağaverdi oğlunun doğum günü qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, RİH-nin şöbə müdiri Zamiq Mənsimli, 66 saylı Biləsuvar Seçki Dairəsi Deputatının köməkçisi Əfsun Əlizadə və YAP Biləsuvar rayon təşkilatının bir qrup ərazi partiya təşkilat sədrləri II Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Məmişli Sahil Ağaverdi oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

Ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşərək ailənin qayğıları ilə maraqlanıblar. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələri yazdıqları barədə danışılıb, onların fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Şəhidin atası Ağaverdi Qarayev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daha sonra ictimaiyyət nümayəndələri ilə birlikdə  şəhid Sahil Məmişlinin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Azərbaycan Ordusunun giziri olan şəhid Məmişli Sahil Ağaverdi oğlu 21 avqust 1991- ci ildə Biləsuvar rayonun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Məmişli Sahil Ağaverdi oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!