Mədəniyyət Nazirliyi Vətən müharibəsi haqqında çəkiləcək 8 seriyalı bədii filmin tenderi məsələsinə aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, Nazirliyinin əsas prioritetlərindən biri 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərin incəsənətimizdə əksini tapmasına və xalqımızın tarixi yaddaşının cəmiyyətimizdə təbliğinə xidmət etməkdən ibarətdir:
“Bu baxımdan, şanlı zəfərimizin kino vasitəsilə əbədiləşdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu işin yüksək keyfiyyətdə təşkil edilməsi üçün artıq bir neçə uğurlu kino layihələrinə imza atan və Türkiyə Respublikasında fəaliyyət göstərən “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” ilə əməkdaşlığa başlanılıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə sözügedən şirkət tərəfindən “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 seriyalı bədii film istehsal olunmaqdadır”.
Qeyd olunub ki, sözügedən serialın istehsalı məsələsi bir mənbədən satınalma metodunu tətbiq edilməklə həyata keçirilib: “Serialın istehsalı İqtisadiyyat Nazirliyi yanında İntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən bir mənbədən satınalma metodunu tətbiq etməklə və Nazirliklə sözügedən şirkət arasında layihənin icrası məqsədilə satınalma müqaviləsi bağlanılmaqla həyata keçirilməyə başlanıb”.