03 iyul 2026 16:15
135

Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası

Prezident İlham Əliyevin güclü liderliyi, uzaqgörən dövlətçilik təfəkkürü, müstəqil xarici siyasəti və cəmiyyətin daxili həmrəyliyi ölkəmizi qlobal təlatümlər dənizində sarsılmaz və etibarlı bir limana çevirib

Müasir dünyada qlobal və regional səviyyədə cərəyan edən geosiyasi təlatümlər, iqtisadi böhranlar və təhlükəsizlik təhdidləri fonunda dövlətlərin daxili sabitliyini qoruması ən çətin və mühüm vəzifələrdən birinə çevrilib. Bu sabitliyin, milli təhlükəsizliyin və inkişafın fundamental əsası isə cəmiyyətin öz siyasi liderinə olan güvənindən keçir. Medianın İnkişafı Agentliyi tərəfindən 2026-cı ilin birinci yarısında ölkə vətəndaşlarının rəyini öyrənmək məqsədilə keçirilən son ictimai rəy sorğusunun nəticələri Azərbaycandakı siyasi legitimliyin və daxili bütövlüyün miqyasını bir daha nümayiş etdirdi. Son sorğuların nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir.

Məlumdur ki, müasir dünya nizamı son onilliklərin ən mürəkkəb və təhlükəli mərhələlərindən birini yaşayır. Münaqişələr, zəncirvari iqtisadi böhranlar və beynəlxalq hüquq sistemindəki aşınmalar bir çox dövlətlərin daxili sabitliyini sarsıdır. Belə bir gərgin qlobal və regional fonda Azərbaycan Respublikası həm daxili sabitliyini uğurla qoruyur, həm də regionun əsas təhlükəsizlik qarantı kimi çıxış edir. Dünyada risklərin həndəsi silsilə ilə artdığı bir dövrdə Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunması təsadüfi xarakter daşımır, dərin əsaslara malik strateji kursun nəticəsidir. Azərbaycanın sabitlik modelinin təməlində Prezident İlham Əliyevin balanslaşdırılmış, milli maraqlara söykənən və müstəqil xarici siyasəti dayanır. Bu uzaqgörən siyəsət nəticəsində ölkəmiz böyük güclərin qarşıdurma poliqonuna çevrilməkdən yayınaraq, regional və qlobal aktorlarla bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurmağı bacarıb. Xüsusilə regional formatlarda fəal iştirak və qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər, xarici təhdidlərin ölkə sərhədlərindən kənarda neytrallaşdırılmasına şərait yaradır. Böyük güclərlə qurulan münasibətlərdə hər zaman "bərabərhüquqlu tərəfdaşlıq və daxili işlərə qarışmamaq" prinsipi qırmızı xətt kimi qorunur. Qoşulmama Hərəkatına uğurlu sədrlik, regional üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının yaradılması təzyiq rıçaqlarını zəiflədən çoxşaxəli diplomatik qalxan rolunu oynayıb. Prezident İlham Əliyev sübut edib ki, qlobal güclərlə eyni masa arxasında milli maraqları güzəştə getmədən də dialoq aparmaq mümkündür.

Milli təhlükəsizliyin ən mühüm və sarsılmaz sütunu Azərbaycan Silahlı Qüvvələridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında illərlə davam edən məqsədyönlü ordu quruculuğu, müasir hərbi standartların tətbiqi və milli hərbi-sənaye kompleksinin inkişafı ölkənin müdafiə qabiliyyətini ən yüksək zirvəyə daşımışdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərar edilməsi ölkənin daxili stabilliyinə yönələ biləcək ən böyük regional manipuliyasiya rıçaqlarını birdəfəlik sıradan çıxardı. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun, hüquq mühafizə və xüsusi xidmət orqanlarının qazandığı bu tarixi güc, hazırda istənilən xarici təzyiq, terrorizm və transmilli təhdidə qarşı ən qüdrətli çəkindirici faktor rolunu oynayır. Digər tərəfdən, Azərbaycanın İkinci Qarabağ müharibəsində və antiterror tədbirlərində qazandığı tarixi Zəfər regionda status-kvonu tamamilə dəyişdi. Bununla da beynəlxalq oyunçuların keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən öz geosiyasi maraqları üçün bir manipulyasiya aləti kimi istifadə etmək cəhdləri birdəfəlik iflasa uğradıldı. Regionda yaradılmış yeni reallıq kənar güclərin oyun qaydalarını deyil, Azərbaycanın diktə etdiyi sülh gündəliyini ön plana çıxardı.

Siyasi sabitliyin dayanıqlı olması birbaşa olaraq güclü iqtisadi zəmin və resurs idarəçiliyi tələb edir. Prezident İlham Əliyevin uzaqgörən iqtisadi siyasəti sayəsində qlobal tədarük zəncirlərinin qırıldığı bir dövrdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində regional logistik haba çevrilmişdir. Dövlət başçısının uğurlu enerji diplomatiyası ölkənin karbohidrogen resurslarının ixracını təmin etməklə yanaşı, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əvəzolunmaz tərəfdaşına çevirib. Bununla bərabər, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı və infrastruktur layihələrinin inkişafına dair imzalanan strateji proqramlar daxili bazarı qlobal iqtisadi şoklardan sığortalayır. İqtisadi cəhətdən tam müstəqil olmaq isə siyasi arenada təzyiqlərə boyun əyməməyin ən böyük təminatıdır.

Hər bir dövlətin daxili təhlükəsizliyinin ən böyük sınağı onun cəmiyyətinin daxili birliyidir. Azərbaycandakı daxili sabitliyin ən unikal xüsusiyyətlərindən biri məhz möhkəm Lider-Xalq birliyidir. Prezident İlham Əliyevin xalqın maraqlarını hər şeydən uca tutan sosialyönümlü siyasəti, vətəndaş məmnunluğuna xidmət edən davamlı islahatları cəmiyyətdə daxili sosial sabitliyin əsas qarantıdır. Eyni zamanda, dövlət başçısının himayə etdiyi tolerantlıq və multikulturalizm siyasəti sayəsində ölkədəki müxtəlif etnik və dini qruplar vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Bu monolit birlik ölkədə hər hansı bir daxili sosial və ya etnik qarşıdurma ocağının yaranma ehtimalını tamamilə sıfıra endirir.

Beləliklə, dünyanın geosiyasi fırtınalarla ləpələndiyi, risklərin və qeyri-müəyyənliklərin pik həddə çatdığı XXI əsrin bu mürəkkəb dönəmində Azərbaycan öz sabitlik modelini uğurla qoruyub saxlayır. Bu nailiyyətin memarı olan Prezident İlham Əliyevin güclü liderliyi, uzaqgörən dövlətçilik təfəkkürü, müstəqil xarici siyasəti və cəmiyyətin daxili həmrəyliyi Azərbaycanı qlobal təlatümlər dənizində sarsılmaz və etibarlı bir limana çevirib. Ölkədə hökm sürən bu yüksək səviyyəli sabitlik təkcə bugünümüzün rifahı deyil, həm də gələcək nəsillərin təhlükəsizliyinin ən mühüm təminatıdır.

Sevinc Azadi, “İki sahil”