03 sentyabr 2022 20:39
722

Qəhrəman övladlarının Şuşaya incəsənət töhfəsi

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə şəhid övladlarının “Zəfər” Yay Məktəbi öz bağlanış mərasimini mədəniyyət paytaxtı doğma Şuşada yekunlaşdırıb.
“İki sahil” xəbər verir ki, layihə müddətində məktəbli şəhid övladları 4 peşə- musiqi, rəsm, fotoqrafiya və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdiriblər. İyul- avqust ayları ərzində davam edən musiqi təlimlərini şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova tədris edib. O, bu müddət ərzində uşaqlara kifayət qədər geniş və əhatəli proqram öyrədib, onlara həm vokal, həm də fortepiano üzrə vətənpərvərlik ruhunda əsərləri yüksək səviyyədə mənimsəməyə yardımçı olub. Belə ki, onlar dahi Üzeyir Hacıbəylinin “Azərbaycan Dövlət Himni” “ Çırpınırdı Qara dəniz”, M.Maqomayevin “Azərbaycan”, Cavanşir Quliyevin “Əsgər marşı”, Könül Hüseynovanın müəllifi olduğu, məhz şəhid övladlarına həsr etdiyi və ilk dəfə təqdim olunan “Qəhrəman övladıyıq” mahnsını və bir çox başqa əsərləri yekun konsertdə təqdim ediblər.
Bu layihə boyunca musiqi təlimləri Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində keçirilib və Fidan xanım öz tövsiyələrini uşaqlardan əsirgəməyib. Konsert zamanı isə Könül Hüseynovanın rəhbərliyi ilə yaradılmış şəhid övladlarından ibarət “Qəhrəman övladları” uşaq xoru Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərovla Könül Hüseynovanın müəllifi olduğu “Yenilməzsən Azərbaycan”, sözləri Xalq şairi Vahid Əzizə məxsus “ Şuşam mənim”, “Yuxunda görmüsən” əsərlərini böyük şövqlə ifa ediblər.
Konsertdən bir gün əvvəl böyük sənətkar Bülbülün ev-muzeyində tamaşaçılara “Qəhrəman övladları” xorunun Xalq artisti Samir Cəfərovla kiçik konsert proqramı da təqdim olunub. Konsertdə solist qismində şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin övladı Turqut Atakişiyev, şəhid polkovnik-leytenant Babək Ramaldanovun övladları Süleyman və Ramaldan Ramaldanovlar, şəhid polkovnik Vüqar Yusifovun övladı Ayan Yusifzadə, şəhid mayor Elsevər Paşayevin övladı Nəzrin Paşayeva və digər qəhrəman şəhid övladları uğurla çıxış ediblər.
Bağlanış mərasimində Əməkdar artist Şövqi Məmmədovun rəhbərlik etdiyi aktyorluq qrupunun hazırladığı səhnəcik, fotoqrafiya üzrə təlimçi Orxan Əzimin tələbələrinin foto və rəsm üzrə təlimçi Məryəm Axundovanın tələbələrinin Şuşa mövzusundakı maraqlı rəsm əsərləri də tamaşaçılara təqdim olunub.
Xalq rəssamı Arif Hüseynov, Əməkdar artist Gülzar Qurbanova istedadlı şəhid övladlarının rəsm və aktyorluq qabiliyyətlərini yüksək qiymətləndiriblər.
Tədbirin rəsmi hissəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Ombudsman Səbinə Əliyeva, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək bu layihənin şəhid övladlarımızın inkişafındakı əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, belə layihələr şəhid övladlarının incəsənət yönümündə inkişafına, onlarda Vətənə məhəbbət hisslərinin formalaşmasında böyük rol oynadı.