14 sentyabr 2022 13:41
559

Azərbaycanda məşğul əhalinin sayı artıb

Bu ilin sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5347,1 min nəfər olub, onlardan 5042,5 min nəfərini məşğul əhali təşkil edib.

"İki sahil"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 1,5% artıb.

Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1719,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897,5 min nəfər, qeyri-dövlət sektorunda isə 821,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1687,7 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,4%-i emal sənayesində, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.