14 sentyabr 2022 23:21
731

İnvestisiyalarda artım: Ən çox hansı sahələrdə?

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları artıb. Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117  milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyalar 13,1 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin 22,5 faiz artıb. Bu, qeyri-neft sektorunun iqtisadiyyata sərmayə qoyuluşlarında payını artırmaqla bir mənbədən asılılığının azalmasına şərait yaradır.

İnvestisiyaların strukturuna gəlincə, istifadə olunmuş vəsaitin 5 milyard 306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 292 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 48,3 faizi dövlət, 51,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Ötən illin eyni dövrü ilə müqayisədə dövlət sektorunun payı 10,8 faiz bənd artsa da göründüyü kimi, üstünlük qeyri-dövlət sektorundadır. Vəsaitlərin 6 milyard 642,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.

2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,7 faizi sənaye, 28,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 17,9 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi dövlət idarəetməsi və müdafiə, 1,4 faizi informasiya və rabitə, 1,1 faizi təhsil, 0,8 faizi ticarət və digər fəaliyyət sahələrinə sərf edilib. Cari ilin sözügedən müddətində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sərmayə qoyuluşunda sənayenin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, təhsilin və ticarətin payı azalıb, nəqliyyat və anbar təsərrüfatının, tikintinin, informasiya və rabitənin payı artıb .

İnvestisiya qoyuluşu əsasən yerli vəsaitlər hesabına reallaşıb. Belə ki, iqtisadiyyata qoyulmuş ümumi sərmayələrin 6 milyard 843,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil edib. Bununla da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə yerli investisiyalar 28,3 faiz artıb. Xarici investisiyalar isə 22,3 faiz azalıb.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında investisiyalarda müəssisə və təşkilatların və bankların vəsaitlərinin nisbəti azalıb, büdcə və əhalinin vəsaitlərinin payı artıb. Burada büdcə vəsaitlərinin artımı daha çox diqqəti cəlb edir. Belə ki, hesabat dövründə əsas kapitala vəsait qoyuluşu 3 milyard 146,3 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,6 faiz çoxdur.

Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 2 milyard 273,7 milyon manat vəsait yönəldilib. Bunun 93,9 faizi Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Ceyhun Piriyev, “İki sahil”