Dövlət büdcəsinin gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
2023-cü ilin dövlət büdcəsinin gəlirlər üzrə siyasətinin əsas istiqamətləri məlum olub.
Maliyyə Nazirliyinin açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda qeyd edilir ki, gələn ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda şirkətlər və fiziki şəxslər üçün bir sıra yeni vergi güzəştləri tətbiq ediləcək. Hazırda qüvvədə olan bir sıra vergi güzəştlərinin müddəti isə uzadılacaq. Sənədə əsasən vergi güzəştləri həm ölkə daxilindəki fəaliyyətə, həm də xaricdən avtomobillərin idxalına tətbiq ediləcək.
Məlumatda bildirilir ki, gəlir siyasətinin çoxsaylı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazinin rezidentlərinə münasibətdə vergi güzəştləri müəyyən ediləcək. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçıları üzrə əlavə vergi güzəştləri olacaq. Əhali qrupuna daxil olan fəal istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad olunacaq.
Həmçinin yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi də ƏDV-dən azad oluncaq. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olma əlavə 1 il artırılacaq. 2023-cü ilin yanvar ayının 1-dən etibarən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunacaq.
Müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-yə 0 faiz dərəcə ilə cəlb ediləcək. Digər əmlak üzrə də ƏDV-dən azad olma rejimi tətbiqi ediləcək.
20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı güzəştlər ediləcək. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılacaq.
Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılacaq. Vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək. Hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.
Nəzarət-kassa aparatlarının çeklərində göstərilən məlumatlar daha da dəqiqləşdiriləcək. Alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gün ƏDV məbləğinin ödənilməsi barədə tələb yumşaldılacaq. Vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının təqdim edilməsi mexanizmi təkmilləşdiriləcək.
Cavid Əkbərov, “İki sahil”
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib