17 sentyabr 2022 08:30
618

“Azərbaycan” təltif edilib

“Azərbaycan” pavilyonu təşəkkürnamə ilə təltif edilib.

"İki sahil" xəbər verir ki, Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) hadisələr gündəliyinə inteqrasiyasına, eləcə də XTNS-nin ərazisində bayram təntənələrində fəal iştirakına, xüsusən İkinci Dünya müharibəsində qələbənin 77-ci ildönümü dövründə fəallığına görə “Azərbaycan” pavilyonu təşəkkürnamə ilə təltif olunub.

Təltifolunma XTNS-nin 83 illiyinin qeyd edilməsi çərçivəsində keçirilib. “XTNS” Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Şoqurov mükafatı pavilyonun direktoru Səadət Qədirovaya təqdim edib.

Qeyd edək ki, pavilyon mayın 9-da “Faşizm üzərində qələbədə Azərbaycan SSR-in rolu” adlı tədbir keçirib. Tədbir çərçivəsində qonaqlara Azərbaycan kinostudiyalarının İkinci Dünya müharibəsindən və xalqlar dostluğundan bəhs edən filmləri nümayiş olunub.

Qonaqlar üçün o dövrün hərbi qərargahlarının şəraitini əks etdirən tematik fotozona fəaliyyət göstərib. Ziyarətçilər improvizə olunmuş “Əbədi məşəl”in qarşısına güllər düzüblər. Tədbirdə, həmçinin tematik ekskurslar və xatirə hədiyyələri ilə viktorinalar təşkil olunub.