Bu proses əhalinin təhlükəsizliyi qorunmaqla ağıllı şəkildə reallaşır
Şərqi Zəngəzur ilə yanaşı, Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin çox qısa müddətdə tam bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır.
Dağıntıların miqyası bunu daha aydın göstərir. Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130939 ev, 7000 ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək o zaman dəymiş ziyanın miqyasının daha da böyük olduğunu görərik. Məhz bütün bunlara görə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.
Digər tərəfdən, uzun müddət işğal altında qalan ərazilərimizdə minaların sayının həddindən artıq çox olması prosesə təsir edən faktorlardandır. Ona görə də, məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə “ağıllı qayıdış” formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.
Gələn il işğaldan azad olunmuş torpaqlarımızın bərpası və eləcə də məskunlaşma üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu, məcburi köçkünlərin ata-baba yurdlarına gözləniləndən daha tez qayıtmasına imkan verəcək. 2023-cü il üçün dövlət büdcəsi layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub.
Qeyd edək ki, dövlət büdcəsindən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz azad olunmuş ərazilərin daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.
Azərbaycan bu ərazilərini heç bir xarici borclanma olmadan, yalnız daxili maliyyə resursları hesabına bərpa edir. Şərqi Zəngəzur və Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Böyük Qayıdış əhalinin təhlükəsizliyi qorunmaqla ağıllı şəkildə reallaşır.
Zəngilan ilə yanaşı, 2023-ci ilin ikinci yarısında artıq işğaldan azad olunmuş bir sıra digər rayonlarımızda da məskunlaşmaya start verilməsi gözlənilir. Bu ilin sentyabr ayının 15-də - Bilik Günündə 29 ildən sonra ilk dəfə Zəngilan məktəbində zəng çalındı. Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində də ilk zənglər çalınacaq. Füzuli və Cəbrayıl rayonlarında da bərpa işləri sürətlə həyata keçirilir.
Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Bu dəfə gülüş və həyat Qarabağ və Şərqi Zəngəzura daimi qayıdır.
Cavid Əkbərov, “İki sahil”
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib