19 sentyabr 2022 23:41
837

İxrac məhsullarımız daha çox bahalaşıb, yoxsa idxal?

Xarici ticarət dövriyyəsinin artmasında qiymət amili əsas rola malikdir. Rəsmi statistikaya görə, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin müvafiq dövründə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artıb. İxrac faktiki qiymətlərlə 98 faiz, real ifadədə 12,3 faiz artıb, idxal isə faktiki qiymətlərlə 19 faiz artsa da  real ifadədə 2,3 faiz azalıb.

İxracda  bahalaşma məhsulların qiymət indeksində özünü göstərir. Belə ki, iyul ayında əvvəlki ayla müqayisədə ixrac 3,4 faiz ucuzlaşsa da digər dövrlərə nisbətən kəskin artıb. İyul ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 96,6 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 176,1 faiz, 2022-ci ilin yanvar-iyul aylarında 2021-ci ilin yanvar-iyul aylarına nisbətən isə 178,5 faiz təşkil edib.

İdxal olunan məhsulların qiymətlərinə gəlincə, 2022-ci ilin iyul ayında onların qiymət indeksi əvvəlki ayla müqayisədə 101,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,6 faiz, 2022-ci ilin yanvar-iyul aylarında 2021-ci ilin yanvar-iyul aylarına nisbətən isə 121,8 faiz təşkil edib.  

Qiymət amili özünü qeyri neft-qaz məhsullarının ixracında da göstərməkdədir. Yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 24,2 faiz, real ifadədə 11,4 faiz artıb.

Buradan belə qənaətə gəlmək olur ki, əmtəələrdəki qiymət artımı idxalla bərabər, ixraca da aiddir. Üstəlik ixracdakı artım tempi idxaldan 3,2-3,6 dəfə çoxdur. İxrac məhsullarının bahalaşması ixracın dəyərini artırmaqla gəlirlərin çoxalmasına səbəb olub. Təsadüfi deyil ki, cari ilin yanvar-iyul aylarında  ötən ilin eyni dövrü ilə müqayisədə ixrac faktiki qiymətlərlə 98 faiz artaraq 23 milyard 159,4 milyon dollara yüksəlib. Bu dövrdə təkcə Dövlət Neft Fonduna “Azəri-Çıraq Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından  neftin və qazın satışından 6 milyard 755 milyon ABŞ dollar məbləğində vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Dünya bazarlarında enerji məhsullarının bahalaşmaqda davam etməsini, Azərbaycanın ixracının əsasını bu məhsulların təşkil etdiyini nəzərə alanda, gəlirlərin bundan sonra da artacağı şübhəsizdir.   

İdxalın bahalaşmasına gəlincə, bu dövrdə idxalın dəyəri ixracdan 3,1 dəfə az olub. İdxalın bahalaşması yerli istehlak bazarında qiymət artımının başlıca səbəbi olsa da  görülən mübarizə tədbirlərinin fonunda yanvar-iyul aylarında ölkədə inflyasiya 13 faiz olub. İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107 faiz təşkil edib. Qiymət artımının dövriyyələrin artımına imkan verdiyini də nəzərə alanda bu, həm də vergi-gömrük yığımlarının çoxalması deməkdir.

Ceyhun Piriyev, “İki sahil”