Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11,0 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Qazaxıstan, hər birindən 1,6 faiz olmaqla İsrail və Küveyt, 1,5 faizi Oman, 1,4 faizi Özbəkistan, 1,2 faizi Böyük Britaniya, 10,9 faizi digər ölkələrin vətəndaşları olub.
Rəsmi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən 167,1 dəfə, Omandan 148,8 dəfə, Pakistandan 27,3 dəfə, Hindistandan 15,1 dəfə, İsraildən 6,2 dəfə, Bəhreyndən 6 dəfə, Qazaxıstandan 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 5,7 dəfə, ABŞ-dan 3,5 dəfə, Almaniyadan 3 dəfə, Fransadan 2,6 dəfə, Böyük Britaniyadan 2 dəfə, Türkiyədən 1,8 dəfə, İrandan 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiyadan 1,7 dəfə, Gürcüstandan 23,2 faiz artıb.
Həmçinin 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrini təmsil edən ziyarətçilərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub.
Artım bu sahədə çalışanların sayını da əhatə edib. Lakin ölkəyə gələnlərin sayı qədər yox. Belə ki, rəsmi rəqəmlər görə, cari ilin yanvar-iyul aylarında bu sahədə 33,1 min nəfərin çalışdığı məlumdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 min dəfə və ya 14,1 faiz çoxdur.
Bundan başqa, bu sahədə çalışanların əməkhaqlarında artım olub. Belə ki, cari ilin yanvar-iyul aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində ölkə üzrə orta aylıq əməkhaqqı 652,8 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz çoxdur. Maraqlıdır ki, rəsmi məlumatlara görə, bu sahədə dövlət sektorunda çalışanların özəl sektordakılarla müqayisədə 2,4 dəfə çox əməkhaqqı aldıqları məlum olur. Belə ki, bu ilin 7 ayında sözügedən sahədə dövlət sektoru üzrə çalışanların orta aylıq əməkhaqqı 1473,6 manat olduğu halda, özəl sektorda bu rəqəm 620,7 manat təşkil edib. Başqa sözlə, özəl sektorda çalışanların orta aylıq məvacibləri bu sahədəki orta göstəricidən də (4,9 faiz) aşağı olub.
Ancaq əməkhaqlarında kəskin fərqin olması bu sahədə ümumi daxili məhsul istehsalının (ÜDM) artımına mane olmayıb. Düzdür, artım turistlərin sayındakı tempdən aşağı olub. Cari ilin yanvar-avqust aylarında bu sahədə ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 1 milyard 239,2 milyon manat təşkil edib.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə əsaslı kapital qoyuluşunda isə geriləmə olub. Hesabat dövründə bu sahəyə investisiya qoyuluşu 54,1 faiz azalıb.
Ceyhun Piriyev, “İki sahil”
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib