22 sentyabr 2022 02:16
692

Ərzağın ƏDV və gömrük rüsumundan azad edilməsi qiymətlərin enməsinə səbəb ola bilərmi?

Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) differensiallaşdırılmasının vacibliyindən bəhs edərək  hər məhsulun 18 faiz dərəcəsi ilə vergiyə cəlb edilməməli olduğunu bildirib.  Onun sözlərinə görə, ərzaq məhsullarına bu verginin  tətbiqinin aradan qaldırılması qiymətlərin qismən azalmasına səbəb ola bilər. Deputat bu baxımdan ərzaq məhsullarına, həmçinin gömrük rüsumunun tətbiq edilməməsinin də vacibliyini vurğulayıb.

Komitə sədri Tahir Mirkişili isə Türkiyənin bu sahədəki təcrübəsini əsas gətirərək ərzaq məhsullarına ƏDV-nin tətbiq edilməməsinin qiymətlərin enməsinə təsirinə şübhə ilə yanaşıb: “ƏDV ilə bağlı Dövlət Vergi Xidməti ilə müzakirələr apara bilərik. Amma bunun qiymət artımına necə təsir edəcəyini tam bilmirəm. Çünki Türkiyədə ərzaq məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi qiymət artımına təsir etmədi, əksinə dövlət həmin vergini də itirdi”.

ƏDV dolayı vergilərdən biri olmaqla məhsulun qiymətinə əlavə edilməklə son istehlakçısı, yəni müştərilər tərəfindən ödənilir. Bu baxımdan ƏDV-nin tətbiq edilməsi məhsulu 18 faiz bahalaşdırdığı kimi, onun aradan qaldırılması da qiymətin enməsinə imkan verir.  Lakin burada istisnalar da var. Məsələn, bu ildən başlayaraq 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır. Yəni, burada artıq ƏDV məhsulun qiymətinin 18 faizi deyil, onun üzərinə əlavə edilmiş marjanın müvafiq faizidir. 

Bununla belə, nəinki T. Mirkişilinin vurğuladığı Türkiyənin, elə ölkəmizin təcrübəsi onu deməyə əsas verir ki, ƏDV-nin tətbiq edilməməsi heç də həmişə qiymətin enməsinə səbəb olmur.  

Vergi Məcəlləsinə görə, Azərbaycanda 2014-cü ildən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-yə cəlb edilmir.  Eyni zamanda, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci ildən bu vergidən azaddır.  Bundan başqa, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalına və satışına, kəpəyin istehsalı və satışına  ƏDV tətbiq edilmir. Həmçinin 2020-ci ildən heyvan və quş ətinin satışı  da bu vergidən azaddır.

Eyni zamanda, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışına, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinə ƏDV tətbiqi aradan qaldırılıb. Ancaq ötən dövrdə bu məhsulların və xidmətlərin qiymətlərində  hər hansı bir enmə qeydə alınmayıb. Qısası, ƏDV-dən azad edilmə ucuzlaşma ilə müşayiət edilməyib. Hərçənd ki, bu vergi məhsulun üzərinə əlavə olunduğundan onun aradan qaldırılması qiymətin də enməsinə gətirib çıxarmalı idi.  

Gömrük rüsumundan azad etməyə gəlincə, onsuz da ölkəyə gətirilən məhsulların dəyərinin əhəmiyyətli hissəsinə bu vergi növü tətbiq edilmir. Ötən il Dövlət Gömrük Komitəsindən 2020-ci ilin yekunları barədə məlumat verilərkən bildirilmişdi ki, idxalın dəyərinin 59 faizi gömrük rüsumundan azaddır. Ancaq bunun qiymətlərin enməsinə hər hansı bir təsiri barədə məlumat yoxdur.

Vergi və gömrük ödənişlərindən azad edilmənin indiyədək istehlak bazarında qiymətlərin enməsinə səbəb olmasını bir neçə amillə izah etmək olar. Burada başlıca amil indiyədək ƏDV-dən azad edilmənin ucuzlaşma deyil, bahalaşmanın qarşısını almaq məqsədi daşımasıdır.

Eyni zamanda, müəyyən sahələrin inkişafına nail olmaq üçün də həmin fəaliyyət sahələrdə ƏDV-dən azad edilmələr reallaşdırılır. Burada əsas məqsəd xərclərin azaldılması olur.

ƏDV-dən azad edilmədə və onun ticarət əlavəsindən hesablanmasında digər amil isə şəffaf vergi inzibatçılığının stimullaşdırılmasıdır. Burada da azadedilmə ucuzlaşmaya səbəb olmur. Çünki şəffaf vergi inzibatçılığının olmadığı sahələrdə ƏDV-nin real tətbiqi olmadığından onun tətbiqinin dayandırılması da heç bir nəticə vermir.   

Vergidən azadetmənin qiymətə o halda təsiri ola bilər ki, ilk növbədə həmin sahədə onun real tətbiqi olsun. Eyni zamanda, inhisarçılıq vergidən azadetmənin qiymətlərə təsirini hiss etməyə imkan vermir.

ƏDV və gömrük rüsumu dövlət büdcəsinin gəlirlərində əhəmiyyətli yerə malikdir. Cari ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirlərinin 5 milyard 718 milyon  700 min manatı və ya 19,6 faizini ƏDV, 1 milyard 300 milyon manatını və ya 4,45 faizini isə gömrük rüsumları təşkil edir.      

Ceyhun Piriyev, “İki sahil”