23 sentyabr 2022 11:46
983

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi və logistika mərkəzi kimi tanınır

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı, eləcə də Asiya  ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir.

Mütəxəssislər bu prosesdə Azərbaycanın fəaliyyətində müşahidə olunan bir neçə mühüm istiqaməti xüsusi qeyd edirlər. Bunlar:

– Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafından;

– Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafından;

– “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qurulmasından;

– Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsindən;

– Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olmasından;

– Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və Trans-Avrasiya Super İnformasiya Maqistralı (TASİM) layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılmasından;

– müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsindən;

– yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətdən;

– çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanmasından və s. ibarətdir.

Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda, həmçinin qeosiyasi vəziyyətlə bağlı tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır.

Qeyd edək ki, bu ilin mayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın “Vahid Nəqliyyat və Logistika Milli Strategiyası” hazırlanır. Məlumata görə, 2030-cu ilədək dövrü əhatə edən Azərbaycanın “Vahid Nəqliyyat və Logistika Milli Strategiyası”nın hazırlanması ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrinin də daxil olduğu İşçi Qrup fəaliyyət göstərir.

"İşçi Qrup tərəfindən mütəmadi keçirilən iclasların nəticəsi olaraq, ölkənin nəqliyyat və logistika sektoru üzrə mövcud vəziyyəti təhlil olunub və əsas prioritetlər müəyyən edilərək strategiyanın artıq ilkin layihə sənədi hazırlanıb. Hazırda aidiyyəti qurumların mövqeyinin öyrənilməsi mərhələsində olan Strategiya layihəsi dövlətin nəqliyyat və logistika sektorlarının qısa, orta və uzunmüddətli siyasət, eləcə də tranzit potensialından tam istifadə olunması istiqamətlərini müəyyən edir", - nazirlikdən bildirilib.

Sentyabrın 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına diqqəti çəkərək Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər: "Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Şimal-Cənub nəqliyyat dəhlizi"nin əhəmiyyəti barədə danışarkən bildirib ki, bu nəqliyyat dəhlizi Azərbaycan, bütövlükdə  region üçün vacib layihələrdən biri hesab olunur. 
Deputat qeyd edir ki, burada söhbət şimaldan başlayaraq yüklərin Hindistana qədər daşınmasından gedir. Bu da kifayət qədər böyük coğrafiyanı əhatə edir. "Şərq-Qərb nəqliyyat dəhlizi" kimi, bu dəhliz vasitəsilə də çoxlu yüklərin daşınacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, Hindistanın ixrac imkanları artıb, eyni zamanda kifayət qədər böyük məhsullar idxal edən ölkələrdən biridir, onda bunun əhəmiyyətini başa düşmək olar. Tək Hindistan deyil, regionda yerləşən digər ölkələr də "Şimal-Cənub nəqliyyat dəhlizi"ndən aktiv şəkildə istifadə etmək niyyətindədirlər. 
Vüqar Bayramov deyir ki, istər "Şərq-Qərb", istərsə də "Şimal-Cənub" dəhlizləri Azərbaycan üzərindən keçir. Ölkəmiz Şimal-Cənub dəhlizinin reallaşmasında maraqlıdır: "Azərbaycan yalnız layihəni dəstəkləmir,  həmçinin onun reallaşması üçün İranda infrastruktura invesitisiya yatırır. Bu da ondan xəbər verir ki, Azərbaycan  "Şimal Cənub nəqliyyat dəhlizi"nin reallaşmasına sərmayə qoyuluşları ilə dəstək verən ölkələrdəndir". 

Fuad Orucov,
YAP fəalı