28 sentyabr 2022 01:36
545

İstehlak və ipoteka kreditləri artıb, bəs biznes necə?

Azərbaycanda verilən kreditlərin ümumi məbləği artmaqdadır. Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli avqust ayında 0,8 faiz (151,2 milyon manat) artaraq 18 milyard 638,6 milyon manat olub. Ümumilikdə, cari ilin yanvar-avqust aylarında bankların kredit portfeli 11,9 faiz və ya 1 milyard 979,5 milyon manat artıb.

Cari ilin 8 ayının yekununda bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz (10 milyard 492 milyon manat) təşkil edib. Biznes kreditlərinə fiziki şəxs sahibkarlara verilmiş kreditlər də daxildir. Bu dövrdə bank sektorunun cəmi kredit portfeli 1 milyard 979,5 milyon manat, o cümlədən biznes kreditləri 752 milyon manat, istehlak kreditləri 898,3 milyon manat, ipoteka kreditləri isə 329,3 milyon manat artıb.

Lakin avqustda əvvəlki ayla müqayisədə biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata enib. İstehlak kreditləri 101,7 milyon manat artaraq 5 milyard 416,7 milyon manata, ipoteka kreditləri isə 54,6 milyon manat artaraq 2 milyard 730 milyon manata yüksəlib. 

Biznes kreditlərində azalma böyük deyil. Amma bu, biznes kreditlərində geriləmənin başlanğıcı da ola bilər. Söhbət həm də ondan gedir ki, iqtisadiyyata investisiya qoyuluşlarında artım olsa da burada bank kreditlərinin payı azalmaqdadır. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkədə əsas kapitala qoyulmuş investisiyalar ötən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artsa da bank kreditləri 44,5 faiz azalıb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin eyni dövründə bank kreditlərinin əsas kapitala nisbəti 5,7 faizdən 2,9 faizə enib.  

Kredit qoyuluşlarının sahələr üzrə strukturuna nəzər salanda isə məlum olur ki, kreditlərin yarıdan çoxu -  54 faizi ev təsərrüfatlarına verilib. (Ev təsərrüfatı bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər) Cari ilin avqust ayının sonuna qədər bu sahəyə 10 milyard 328,2 milyon manat kredit verilib ki, bu da əvvəlki ayla müqayisədə 2,2 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur. Ev təsərrüfatları kateqoriyasına ipoteka kreditləri də aiddir.   

Hesabat dövründə ticarət və xidmət sektoruna verilmiş  vəsaitlər isə ümumi kreditlərin 16,4 faizini və ya 3 milyard 131,8 milyon manatını təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,5 faiz, ötən ilin avqust ayına nisbətən 22,9 faiz çoxdur.

Avqust ayının sonuna ümumi verilmiş kreditlərin 6 faizi inşaat və tikinti, 5,6 faizi  sənaye və istehsal, 4 faizi nəqliyyat və rabitə, 3,2 faizi mədənçıxarma və elektrik enerjisi, qaz buxar və su təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı sektorlarına verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqustun sonuna mədənçıxarma və elektrik enerjisi, qaz buxar və su təsərrüfatı sektoru istisna olmaqla digərlərinə kredit qoyuluşunda artım olub.

Ceyhun Piriyev, “İki sahil”