Bakı şəhərində 2022-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 68,1 milyard manat təşkil edib. Sənaye məhsulunun 89,6 faizi mədənçıxarma, 9 faizi emal, 1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 93,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2022-ci il vəziyyətinə 403,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Cari ilin yanvar-avqust aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 14,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu dövrdə Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,5 faiz artaraq 17 milyard 506,6 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 milyard 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 milyard 830,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Yanvar-avqust aylarında, həmçinin ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 56 faiz artaraq 605,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 383,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,3 faizini təşkil edib.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 3 milyard 251,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 44,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 93,6 faizini təşkil edib.
Əməkhaqlarına gəlincə, 2022-ci ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artaraq 1071,8 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib