05 oktyabr 2022 02:59
599

Qeyri-neft ixracı 8 ayda: Karbamid sektorun aparıcı məhsuludur

Pandemiyanın iqtisadiyyata təsirlərinin davam etməsinə baxmayaraq, cari ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,9 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Bu dövrdə kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1 faiz artıb.

2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilmiş aqrar məhsulların 93,2 faizini meyvə-tərəvəz məhsulları təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1 faiz artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4 faizlik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artıb. Aqrar-sənaye məhsullarının strukturunda 8,6 faizlik paya malik çay ixracı 53,9 faiz artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Habelə bitki və heyvan mənşəli piylər və yağlar 8,4 faiz artaraq 20,9 milyon ABŞ dollarına çatıb.

2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (143,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid pambıq mahlıcından 1, milyon dollar fərqlə (142,2 milyon ABŞ dolları) ikinci, pomidor (134,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq mahlıcının ixracı cüzi azalıb, qızılı 4,5 dəfə artımla karbamid əvəzləyib,  pomidor isə 4,7 faiz artıb.

Avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid ötən ilin müvafiq ayı ilə müqayisədə 1,85 dəfə artımla (20,3 milyon ABŞ dolları) birinci, qızıl 31,2 faiz azalma ilə (16,1 milyon ABŞ dolları) ikinci və şaftalı (12,3 milyon ABŞ dolları) üçüncü olub. Həmin ay pambıq mahlıcının ixracının dəyəri 1,9 milyon dollar, pomidor isə 100 min dollar təşkil edib.

Yanvar-avqust aylarında Rusiyaya 527,6 milyon ABŞ dolları, Türkiyəyə 491,1 milyon dollar, Gürcüstana 126,9 milyon dollar, İsveçrəyə 117,7 milyon dollar və ABŞ-a isə 60,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bununla da Rusiyaya ixrac 1 faiz, Türkiyəyə 20,6 faiz, Gürcüstana 15,9 faiz, ABŞ-a 25,2 faiz artıb, İsveçrəyə 31,6 faiz azalıb.    

Həmin ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya 20,4 faiz artımla (65,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə 66,1 faiz azalma ilə (28,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan isə İsveçrəni əvəzləyərək üçüncü (19,3 milyon ABŞ dolları) olub.

Ceyhun Piriyev, “İki sahil”