Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat, xərcləri 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulub.
Maraqlıdır, gələn ilin dövlət büdcəsi nələri vəd edir?
2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. 2023-cü il dövlət büdcəsi xərclərinin 22 milyard 674 milyon manatı və yaxud 68,1 faizi cari xərclərə, 9 milyard 621 milyon manatı və yaxud 28,9 faizi əsaslı xərclərə, 1 milyard 5 milyon manatı və yaxud 3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldiləcək.
Növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bununla yanaşı, ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün 5 milyard 244 milyon manat, o cümlədən əsaslı xərclər üçün 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə, 1 milyard 100 milyon manat isə strategiyada nəzərdə tutulmuş digər investisiya xərclərinə yönəldiləcək. Strategiyanın maliyyələşdirilməsi çərçivəsində ayrılan 1 milyard 144 milyon manat vəsait sosialyönümlü xərcləri əhatə edir.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi məqsədilə növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağı proqnozlaşdırılıb.
Sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 468 milyon manat vəsait ayrılacaq. 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub. Növbəti ildə yaşayış minimumu və ehtiyac meyarının məbləğləri də bərabərləşdiriləcək.
2023-cü il dövlət büdcəsi xərclərinin 92,2 faizi və yaxud 30 milyard 721 milyon manatının dövlət büdcəsinin müxtəlif mənbələr üzrə nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və yaxud 2 milyard 579 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlərinin 14 milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri 16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 milyard 750 milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.
Ceyhun Piriyev, “İki sahil”