07 noyabr 2022 22:30
654

Moskvada “İRS-Naslediye" jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada “İRS-Naslediye" jurnalının növbəti nömrəsi çapdan çıxıb.

Əvvəlki nömrələrdə olduğu kimi, bu nömrədə də Azərbaycan-Ermənistan münasibətləri mövzusu bu nəşrin səhifələrində üstün mövzu olaraq qalır.

Jurnalın baş redaktoru Musa Mərcanlı yazır ki, Azərbaycan hökumətinin Ermənistanla münasibətlərin normallaşdırılmasına və sülh sazişi imzalanmasının sürətləndirilməsinə yönəlmiş səylərinə baxmayaraq, iki ölkə arasındakı sərhəddə gərginlik sakitləşmir. Görünür, Ermənistanda müəyyən dairələr və onların xaricdəki himayədarları öz revanşist niyyətlərindən əl çəkmir və regionda sülhün bərqərar olmasını istəmirlər.

Nəşrin bu nömrəsində 2020-ci ildə Azərbaycanın Qarabağda qələbəsini şərtləndirmiş tarixi hadisələrə və proseslərə həsr edilmiş seriyadan növbəti analitik məqalə təqdim olunub. Bu məqalə Azərbaycanın Ermənistana güzəştlərinin, o cümlədən 1918-ci ildə İrəvan şəhərinin və 1920-1921-ci illərdə keçmiş Zəngəzur qəzasının qərb hissəsinin Ermənistana güzəşt edilməsinin siyasi şəraiti ilə diktə edilməsi amilinə həsr edilib.

Bu hadisələr 2020-ci il hadisələri ilə müqayisəli şəkildə təhlil olunub. Məlum olduğu kimi, o vaxt Azərbaycanın işğal olunmuş bütün əraziləri tam azad edilmədən Rusiyanın vasitəçiliyi nəticəsində Ermənistana qarşı hərbi əməliyyatlar dayandırıldı. Qeyd edilir ki, İrəvan və Qərbi Zəngəzur ümumi əlverişsiz geosiyasi şəraitdə Ermənistanın tərkibinə verilmişdisə, 2020-ci ildəki güzəşt taktiki xarakter daşıyırdı, bu güzəşt Azərbaycanın hərbi qələbəsi və siyasi üstünlüyü şəraitində baş verdi, müvəqqəti olaraq Azərbaycanın nəzarətindən kənar qalmış ərazilər isə hüquqi baxımdan onun tərkib hissəsi hesab edilir.

Bu materialla bağlı olan digər məqalədə keçmiş SSRİ-də erməni millətçiliyinin yaranması və inkişafı prosesinin mənşəyi təhlil edilir, göstərilir ki, erməni millətçiliyinin məqsədi guya tarixi erməni torpaqları olan və guya sonradan qonşu Türkiyə və Azərbaycanın tərkibinə daxil olmuş əraziləri Ermənistana qaytarmaqdır. Həmin məqalənin nəşrin bu nömrəsində təqdim edilən birinci hissəsində göstərilir ki, bu proses ABŞ ilə SSRİ arasında geosiyasi qarşıdurma nəticəsində (Türkiyə ABŞ-ın müttəfiqi idi) sovet istorioqrafiyasında “ermənilərin soyqırımı” haqqında tezisin yaranması ilə bağlıdır. Müəllif mötəbər sənədli və ədəbi mənbələrə istinadən qeyd edir ki, erməni cəmiyyətində belə əhval-ruhiyyələrin yayılmasında sovet hakimiyyət orqanları tərəfindən xaricdən Ermənistana və SSRİ-nin başqa regionlarına köçürülən repatriant ermənilər mühüm rol oynayıblar.

Məlum olduğu kimi, 2022-ci il Azərbaycanda Şuşa İli elan edilib. Çoxdan “Qafqazın konservatoriyası” adını qazanmış bu şəhərdən olan musiqiçilər sülalələri haqqında məqalə bu mövzuya həsr edilib. Bu sülalələr Azərbaycan və dünya musiqi mədəniyyətinə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Bülbül, Cabbar Qaryağdı, Xan Şuşinski, Rəşid Behbudov və bir sıra başqa parlaq simalar bəxş edib.

Daha bir məqalə XIX əsrin görkəmli Azərbaycan şairi, Qarabağ xanları nəslinin nümayəndəsi, bu il 190-illiyi qeyd edilən Xurşidbanu Natəvana və Şuşada onun vəsaiti hesabına çəkilmiş birinci su kəmərinə həsr edilib.

Jurnalın bu nömrəsində dərc edilmiş başqa materiallar arasında muğam sənətinin tarixi kökləri və inkişafı, insanın ruhi vəziyyətinə muğamın sehrli təsiri mövzusundan bəhs edilən məqalə də oxucuların marağına səbəb olacaq.

AZƏRTAC