24 aprel 2026 17:08
189

“Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir - TƏHLİL

Ölkəmizə rəsmi səfəri çərçivəsində “Bakı Ağ Şəhər” kompleksində olan Latviya Prezidenti Edqars Rinkeviçs burada  memarlıq möcüzəsinin yaradıldığını bildirdi

2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakının dünyanı Azərbaycana toplayacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi ölkəmizin növbəti təqdimatı olacaq. Reallıq budur ki,  ölkəmizdə  şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayır. Bu günlərdə ölkəmizdə səfərdə olan Latviya Prezidenti  Edqars Rinkeviçs “Bakı Ağ Şəhər”də oldu və Azərbaycan-Latviya biznes-forumunda bununla bağlı  təəssüratlarını  bölüşdü. “Prezidentin təklifi ilə mən Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı. Cənab Prezident, mənə söylədilər ki, bu layihə 15 ildən az müddətdə həyata keçirilib. Bildirdilər ki, bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq XXI əsrə uyğun müasir şəhəri yaratdınız” söyləyərək onu da əlavə etdi ki, bu, Azərbaycanın potensialını göstərir. Belə bir əminliyi də ifadə etdi ki,  istər memarlıq, istərsə də mühəndis təklifləri və ya dizayn sahəsində öz ekspert bacarıqlarını təqdim etmək məqsədilə bu cür layihələrə qoşulmaq və iştirak etmək üçün sərmayədarlara və digər ölkələrə böyük dəvət var. Latviyanın bu sahədə çox təklifləri mövcuddur.

Qeyd edək ki, “Bakı Ağ Şəhər” ərazisi bir vaxtlar 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Ölkə Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. “Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb.

Azərbaycanın  ilklərə imza atdığı layihələr sırasında yer alan “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası  beynəlxalq səviyyədə təqdir edilir.  Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimizin bərpası, yenidən qurulması  bu layihənin  əhəmiyyətini, perspektivini  bir daha nümayiş etdirir.  Ağdam ilk “ağıllı şəhər”, Zəngilanın Ağalı kəndi isə  ilk “ağıllı kənd” kimi tanınır. Bu torpaqlarda şəhərsalmanın müasir təcrübəsinin tətbiqi Azərbaycanın nə qədər yenilikçi ölkə olduğunu  təsdiqləyir.

Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki,  Azərbaycana gələn xarici qonaqlar paytaxt Bakımızı daim  qədimliyin və müasirliyin sintezini yaradan şəhər kimi dəyərləndirirlər. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təəssüratların gerçəkliyə çevriləcəyi tədbir kimi  şərh olunması səbəbsiz deyil. İştirakçılar paytaxt Bakının, eyni zamanda,  tədbir çərçivəsində səfər edəcəklkəri azad Qarabağın və azad Şərqi Zəngəzurun timsalında   bir daha qədimləyin qorunaraq müasirliyin necə yaradıldığının şahidinə çevriləcəklər. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini hər zaman  qoruyub saxlayır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Həmçinin bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib.  Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana  rəhbərlik etdiyi illər  şəhərsalma və memarlığın inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılıb.  Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.

Yeniləşmə, təkmilləşmə təbii ki, hər bir ölkənin iqtisadi imkanlarına əsaslanır. Azərbaycanın dayanıqlı inkişafını təmin etmək üçün həyata keçirdiyi davamlı tədbirlər, atdığı addımlar digər sahələr kimi, müasir şəhərlərin salınmasında, mövcud təcrübənin təkmilləşməsində də özünün aydın ifadəsini tapir. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qaddirdir” çağırışı bu sahədə də özünü təsdiqləyir. Azərbaycanın  sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu sahəyə  diqqətlə yanaşdığını aydın şəkildə nümayiş etdirir. Forum məzmununa və əhatə dairəsinə görə  BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Ekspertlərin rəqlərində bu mühüm məqam da xüsusi vurğulanır ki, Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır.  

Bu il  bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri ilə yadda qalacaq. Belə ki, 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz  bu il  tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir,  şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır. Belə mühüm yubileyləri əhatə edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycana böyük etimadın, beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, həmçinin malik olduğu təcrübələrin nümunəvi  olmasının göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarında, müsahibələrində Azərbaycanın malik olduğu üstünlükləri şərtləndirən təcrübələrimizdən geniş bəhs edir. Bugünümüzün əsas təcrübələrindən biri dünyaya təqdim edilən sülh təcrübəsidir. Azərbaycanın dayanıqlı inkişafı, sabit, təhlükəsiz ölkə olması beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsində əhəmiyyətli rol oynayır.  Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycan üçün həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır. Bu tədbirdə təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışanlar üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim ediləcək.

Yeganə Əliyeva, “İki sahil”