12 iyun 2026 13:55
122

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni mərhələsi

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrün ən mühüm siyasi sənədlərindən biri kimi tarixə daxil olmuşdur. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ardından azad Şuşada imzalanan bu sənəd bütövlükdə regionun gələcək geosiyasi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini təmin etmişdir.

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlmiş, iki dövlət ortaq maraqlar ətrafında birgə fəaliyyətin uzunmüddətli yol xəritəsini müəyyən etmişdir. İki qardaş dövlət arasındakı münasibətlər ortaq tarixə, dilə, dinə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” konsepsiyası uzun illər ərzində iki qardaş xalqın münasibətlərinin əsas ideoloji sütununu təşkil etmişdir. Şuşa Bəyannaməsi məhz bu tarixi irsin və siyasi xəttin davamı kimi meydana çıxmışdır. Sənəd iki dövlət arasındakı qardaşlıq münasibətlərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə daha yüksək müstəviyə qaldırmışdır. Bəyannamənin Şuşada imzalanması isə xüsusi rəmzi məna daşıyır. Qarabağın incisi olan Şuşa uzun illər işğal altında qaldıqdan sonra Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azad edilmiş və məhz burada imzalanan müttəfiqlik sənədi Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların təsdiqinə çevrilmişdir.

Şuşa Bəyannaməsi ilk növbədə bütün dünyaya ünvanlanmış siyasi mesajdır. Bu sənəd nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər təsadüfi maraqlara deyil, sarsılmaz qardaşlığa və ortaq strateji hədəflərə əsaslanır. Bəyannamə regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına xidmət edən mühüm siyasi platformadır. Hər iki dövlət milli maraqlarının müdafiəsi, təhlükəsizliyin təmin edilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində bundan sonra da vahid mövqedən çıxış edəcəkdir.

Şuşa Bəyannaməsi iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bu sənəd siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, humanitar və informasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Müasir beynəlxalq münasibətlər sistemində qlobal güc mərkəzləri arasında rəqabətin artdığı bir dövrdə Azərbaycan-Türkiyə müttəfiqliyi regional sabitliyin mühüm təminatçılarından biri kimi çıxış edir. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasının mühüm elementinə çevrilmişdir.

Bəyannamədə xarici siyasət sahəsində əməkdaşlıq xüsusi yer tutur. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal məsələlər üzrə mövqelərini əlaqələndirmək barədə razılığa gəlmişlər. Sənəddə qeyd olunur ki, tərəflər öz milli maraqlarını təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirir və beynəlxalq münasibətlər sistemində qarşılıqlı fəaliyyət mexanizmlərini daha da gücləndirirlər. Bu amillər hər iki dövlətin beynəlxalq nüfuzunun artmasına və qlobal siyasi proseslərdə rolunun güclənməsinə xidmət edir.

Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və hərbi əməkdaşlıqdır. Sənəd əsasən, iki dövlət təhlükəsizlik sahəsində əməkdaşlığı daha da genişləndirmişdir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yaranacağı təqdirdə, birgə zəruri addımlar atılacaq. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Müdafiə sənayesi, hərbi təhsil, birgə təlimlər, müasir silah sistemlərinin istehsalı və tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsi iki dövlətin müdafiə potensialını daha da artırır.

Şuşa Bəyannaməsində əksini tapan mühüm məsələlərdən biri nəqliyyat-kommunikasiya layihələrinin inkişafıdır. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyasını sürətləndirəcək, Avropa ilə Asiya arasında yeni logistika və ticarət imkanları yaradacaq strateji layihədir. Bu marşrut Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat şəbəkəsinin mühüm həlqəsinə çevriləcəkdir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi və Orta Dəhlizin inkişafı regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaqdır.

Şuşa Bəyannaməsi iqtisadi münasibətlərin inkişafına da yeni impuls vermişdir. Qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığı, enerji layihələri və ticarət əlaqələrinin genişləndirilməsi iki dövlətin iqtisadi qüdrətini artırır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq layihələri dövlət siyasətinin ən uğurlu nümunələrindən biridir. Qarşılıqlı investisiyalar iqtisadiyyatların şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regional inkişafın sürətlənməsinə töhfə verir.

Şuşa Bəyannaməsində diaspor təşkilatları və media qurumları arasında əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsi, ortaq media platformalarının yaradılması və informasiya mübadiləsinin artırılması beynəlxalq müstəvidə daha səmərəli fəaliyyət üçün geniş imkanlar yaradır. Bu istiqamətdə atılan addımlar həqiqətlərin dünya ictimaiyyətinə daha operativ çatdırılmasına və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilməsi xüsusi rəmzi məna daşıyır. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi XXI əsrdə regional əməkdaşlığın və təhlükəsizliyin əsas istiqamətlərini müəyyənləşdirir. Beləliklə, iki sənəd arasında yüzillik zaman fərqi olsa da, hər ikisi türk dünyasının birliyinə, regional sabitliyə və əməkdaşlığa xidmət edən mühüm tarixi hadisələr kimi qiymətləndirilir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfranslar artıq mühüm siyasi ənənəyə çevrilmişdir. Bu tədbirlərdə regional təhlükəsizlik, Türk dünyasının inteqrasiyası, yeni dünya nizamı və qlobal çağırışlar müzakirə olunur. 2022-ci ildən başlayaraq keçirilən konfranslar Şuşanın yalnız mədəniyyət deyil, həm də beynəlxalq siyasi dialoq mərkəzi kimi formalaşdığını nümayiş etdirir.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsi olmaqla yanaşı, regionun gələcəyini müəyyən edən mühüm strateji sənəddir. Bu sənəd qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltmiş, siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə möhkəm zəmin yaratmışdır.

Bu gün Şuşa Bəyannaməsi Türk dünyasının həmrəyliyinin, regional sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın ən mühüm simvollarından biri kimi tarixdə öz layiqli yerini tutmuşdur. Ötən müddət ərzində əldə olunan nəticələr təsdiqləyir ki, bu sənəd gələcək onilliklər ərzində də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına istiqamət verən əsas strateji yol xəritəsi olaraq qalacaqdır.

Mahir Süleymanlı,
Milli Məclisin deputatı