16 oktyabr 2026 01:33
103

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi

Prezident cənab İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional təhlükəsizliyin təmin olunmasına yanaşmasını əks etdirən mühüm siyasi mesajlarla zəngin idi. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun və qazandığı tarixi Zəfərin beynəlxalq auditoriyaya təqdimatı deyil, həm də beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəliliyi ilə bağlı fundamental məsələlərə aydın münasibətin ifadəsi kimi diqqət çəkdi. Azərbaycanın coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəmizə mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazandırır. Lakin Azərbaycanın beynəlxalq əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır.

Ölkəmiz son illərdə nəqliyyat-logistika, enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsal inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirdiyi təşəbbüslərlə Avrasiya məkanında etibarlı tərəfdaş və birləşdirici mərkəz kimi mövqeyini möhkəmləndirib. Bu reallıq Azərbaycanın həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli platformalarda artan rolunu şərtləndirən başlıca amillərdəndir. Cənab Prezidentin çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsiplərinin bir daha vurğulanması xüsusi əhəmiyyət daşıyır. Bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasının təməlini təşkil edir. Bu prinsiplər yalnız siyasi bəyanat səviyyəsində qalmır, ölkəmizin regional əməkdaşlıq təşəbbüslərində, beynəlxalq təşkilatlarla münasibətlərində və münaqişələrin həllinə dair mövqeyində ardıcıl şəkildə özünü göstərir. Müasir beynəlxalq münasibətlər sistemində əsas problemlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinin seçici şəkildə tətbiq olunmasıdır. Eyni hüquqi meyarların müxtəlif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiqi beynəlxalq institutlara etimadı zəiflədir, münaqişələrin həllini çətinləşdirir və təcavüzkar tərəfin məsuliyyətdən yayınmasına şərait yaradır. Dövlət başçısının çıxışında bu məsələyə xüsusi diqqət yetirməsi Azərbaycanın beynəlxalq hüququn universal xarakterinin qorunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Beynəlxalq hüquq yalnız müəyyən dövlətlərin maraqlarına uyğun gələndə xatırlanan siyasi vasitəyə çevrilməməli, bütün ölkələrə münasibətdə eyni prinsipiallıqla tətbiq edilməlidir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən üzləşdiyi Ermənistanın hərbi təcavüzü bu baxımdan ciddi tarixi nümunədir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin uzun müddət işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi regionda beynəlxalq hüququn ən ağır sınaqlarından biri olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, xalqımızın tarixi-mədəni irsinə, dini abidələrinə ciddi ziyan vurulmuşdur. Bu faciəli reallıqların uzun illər ərzində davam etməsi yalnız təcavüzkar siyasətin nəticəsi deyildi. Eyni zamanda, beynəlxalq ictimaiyyətin və münaqişənin həlli üçün yaradılmış mexanizmlərin səmərəsizliyini də nümayiş etdirirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icrasız qalması beynəlxalq sistemin mühüm institusional problemini üzə çıxardı. Hüquqi baxımdan məcburi qərarların mövcudluğu onların icrasına zəmanət vermədiyi halda, beynəlxalq təşkilatların nüfuzu və preventiv imkanları da sual altına düşür. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllində gözlənilən nəticəni vermədi. Onilliklər ərzində davam edən danışıqlar prosesi işğalın aradan qaldırılmasına nail ola bilmədi və münaqişənin faktiki olaraq dondurulması ilə nəticələndi. Halbuki davamlı sülhün əldə olunması üçün beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi, işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin köklü səbəblərinin həlli vacib idi. Prezident İlham Əliyevin bu məsələlərə toxunması keçmişin siyasi qiymətləndirilməsi ilə yanaşı, gələcəkdə beynəlxalq münaqişələrin həlli üçün institusional məsuliyyətin artırılmasına dair mühüm çağırışdır. Ermənistanın əvvəlki və sonrakı siyasi rəhbərliyinin ritorikası, ərazi iddiaları və hərbi təhdidləri də regionda gərginliyin aradan qaldırılmasına mane olan amillərdən idi. 2019-cu ildə Ermənistanın baş nazirinin Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ərazi iddialarının siyasi səviyyədə açıq ifadəsi kimi yadda qaldı. Həmin dövrdə Ermənistanın hərbi rəhbərliyi tərəfindən səsləndirilən yeni ərazilər uğrunda yeni müharibə çağırışları isə sülh və sabitlik perspektivlərini daha da zəiflətdi. Bu cür bəyanatların beynəlxalq səviyyədə lazımi siyasi qiymət almaması təcavüzkar ritorikanın qarşısının alınmasına xidmət etmədi. 2020-ci ildə başlanan Vətən müharibəsi məhz uzun illər davam edən işğala, nəticəsiz danışıqlara və beynəlxalq hüququn tələblərinin icrasız qalmasına Azərbaycan xalqının verdiyi tarixi cavab oldu. Qırx dörd gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu ərazilərimizin böyük hissəsini işğaldan azad etdi və Ermənistanın kapitulyasiyası ilə hərbi əməliyyatların dayandırılmasına nail olundu. Bu Zəfər xalqımızın iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Azərbaycanın əldə etdiyi nəticəni yalnız hərbi qələbə kimi qiymətləndirmək kifayət deyil. Bu, eyni zamanda, uzun müddət həllini tapmayan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında aradan qaldırılmasının, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində siyasi iradənin və milli birliyin təzahürü idi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquqla tanınan hüquqlarından istifadə etdi. Müharibənin nəticəsi regionda qüvvələr nisbətini dəyişdirməklə yanaşı, beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəliliyi barədə də ciddi suallar yaratdı.

Bununla belə, 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılması Azərbaycanın suverenliyinin tam bərpası prosesini başa çatdırmamışdı. Ermənistanın silahlı birləşmələrinin Qarabağda qalması, separatizmin davam etməsi və yeni hərbi təxribatlar təhlükəsizlik məsələsini gündəmdə saxlayırdı. Azərbaycan sonrakı dövrdə suverenliyinin tam bərpasına sülh yolu ilə nail olmaq üçün səylər göstərsə də, qarşı tərəfin hərbi potensialını artırması və gərginliyi davam etdirən addımları vəziyyətin mürəkkəbliyini qoruyub saxlayırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisində tam bərpa edildi, separatçı rejimin mövcudluğuna son qoyuldu. Bununla da, ölkəmiz öz konstitusiya quruluşunu bütün ərazisində təmin etmək, dövlət suverenliyini möhkəmləndirmək və uzun illər davam edən separatizm problemini aradan qaldırmaq imkanı qazandı. Separatçı rejimin keçmiş rəhbərlərinin Azərbaycan məhkəməsi qarşısında cavab verməsi isə məsuliyyət və hüquqi ədalət prinsipinin dövlət quruculuğu baxımından əhəmiyyətini gündəmə gətirdi. Prezident cənab İlham Əliyevin bu prosesləri Nürnberq tribunalı ilə müqayisə etməsi tarixi yaddaş, müharibə cinayətləri və məsuliyyət məsələlərinə diqqət yönəldir. Burada əsas siyasi mesaj ondan ibarətdir ki, müharibə cinayətləri və insanlıq əleyhinə əməllər siyasi mənsubiyyətindən və ya törədildiyi coğrafiyadan asılı olmayaraq hüquqi qiymətini almalıdır. Dövlətlərin ərazi bütövlüyünə qarşı yönələn təcavüz və mülki əhaliyə qarşı törədilən ağır cinayətlər cəzasız qaldıqda, bu, gələcək münaqişələr üçün təhlükəli presedent yaradır. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın müharibəyə münasibətini də aydın şəkildə ortaya qoyur. Azərbaycan müharibəni məqsəd seçmədiyini, işğalın və təcavüzün doğurduğu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qaldığını dəfələrlə bəyan edib. Qələbədən sonra ölkəmizin məğlub tərəfə qarşı qisasçılıq siyasəti yürütməməsi, əksinə, sülh gündəliyini irəli sürməsi dövlətimizin siyasi məsuliyyətini və xalqımızın humanist dəyərlərini nümayiş etdirir. Azərbaycan döyüş meydanında qələbə qazandıqdan sonra regionda yeni qarşıdurma yaratmaq deyil, uzunmüddətli sabitliyin əsaslarını formalaşdırmaq istiqamətində addımlar atıb. Bu yanaşma Azərbaycanın sülh siyasətinin əsas xüsusiyyətlərindən birini təşkil edir: milli maraqların qətiyyətlə müdafiəsi ilə regional sabitliyə və əməkdaşlığa açıq mövqenin uzlaşdırılması. Bununla belə, sülhün əldə olunması onun avtomatik olaraq dayanıqlı xarakter alması demək deyil. Etimadın möhkəmləndirilməsi, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin qorunması davamlı siyasi iradə tələb edir. Prezident İlham Əliyevin sülhün kövrəkliyinə diqqət çəkməsi bu prosesin ardıcıl və məsuliyyətli yanaşma əsasında davam etdirilməsinin vacibliyini göstərir. Çıxışın mühüm istiqamətlərindən biri də beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin gücləndirilməsi məsələsi idi. Bu problem təkcə Azərbaycan-Ermənistan münaqişəsinə aid deyil. Müasir dünyada müxtəlif regionlarda baş verən silahlı qarşıdurmalar, ərazi iddiaları və humanitar böhranlar göstərir ki, beynəlxalq hüququn effektivliyi onun müddəalarının qəbul edilməsi ilə deyil, real həyatda icrası ilə ölçülür. BMT Təhlükəsizlik Şurasının qərarları və digər beynəlxalq institutların qətnamələri icra mexanizmləri ilə dəstəklənmədikdə, hüquqi normalarla siyasi reallıq arasında ciddi uçurum yaranır. Bu isə beynəlxalq sistemdə ikili standartların dərinləşməsinə və dövlətlərin beynəlxalq institutlara etimadının zəifləməsinə səbəb olur.

Avropa Parlamentinin və Avropa Şurasının Azərbaycana münasibətinin tənqidi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Dövlətlərə və münaqişələrə münasibətdə selektiv yanaşmaların nümayiş etdirilməsi beynəlxalq münasibətlərdə obyektivlik və ədalət prinsipləri ilə uzlaşmır. Beynəlxalq təşkilatların etibarlılığı onların yalnız siyasi mövqeləri bölüşən tərəfləri müdafiə etməsi ilə deyil, hüququn tələblərini hamıya eyni şəkildə tətbiq etməsi ilə müəyyən olunur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə siyasi maraqlar hüquqi prinsipləri üstələməməli, dövlətlərin suverenliyi və ərazi bütövlüyü universal meyar kimi qorunmalıdır. AQEM-in 7-ci Zirvə Görüşündə Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfələrin vurğulanması da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ikiillik sədrliyi dövründə AQEM-in institusional imkanlarının gücləndirilməsinə, üzv dövlətlər arasında dialoqun inkişafına və praktiki əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib. Nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində təşəbbüslərin irəli sürülməsi təşkilatın fəaliyyətinin yalnız siyasi dialoqla məhdudlaşmadığını, həm də konkret əməkdaşlıq istiqamətlərini əhatə etdiyini göstərir. AQEM-in əhəmiyyəti onun geniş coğrafi ərazini və müxtəlif siyasi, iqtisadi sistemlərə malik dövlətləri vahid dialoq platformasında birləşdirməsindən irəli gəlir. Belə bir formatın səmərəliliyi üzv ölkələrin fikir ayrılıqlarını qarşılıqlı hörmət, etimad və əməkdaşlıq əsasında müzakirə etmək imkanlarından asılıdır. Regional və qlobal çağırışların mürəkkəbləşdiyi bir dövrdə çoxtərəfli platformaların gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və dövlətlər arasında qarşılıqlı anlaşmanın artırılması beynəlxalq təhlükəsizliyin mühüm şərtlərindən biridir. Azərbaycanın təşkilatın institusional və hüquqi baxımdan gücləndirilməsinə verdiyi töhfələr ölkəmizin çoxtərəfli diplomatiyaya praktik yanaşmasını nümayiş etdirir. Bakı yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi deyil, həm də dövlətlər arasında dialoqun təşviq olunduğu, ortaq maraqların müəyyənləşdirildiyi və əməkdaşlıq imkanlarının müzakirə edildiyi platforma kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və regional iqtisadi inteqrasiyanın genişləndirilməsində iştirakı bu prosesin real iqtisadi əsaslarını formalaşdırır. Xüsusilə, Avrasiya məkanında nəqliyyat bağlantılarının inkişafı və rəqəmsal transformasiya yeni əməkdaşlıq imkanları yaradır. Şərqlə Qərb arasında tranzit marşrutlarının genişləndirilməsi, logistika infrastrukturunun təkmilləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və texnoloji əməkdaşlığın dərinləşdirilməsi region ölkələrinin iqtisadi dayanıqlılığına töhfə verə bilər. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq tərəfdaşlıqları bu istiqamətdə ölkəmizin rolunu daha da artırır. Prezident cənab İlham Əliyevin AQEM Zirvə Görüşündəki çıxışı, mahiyyət etibarilə, üç əsas siyasi mesajı birləşdirir. Birincisi, beynəlxalq hüququn aliliyi və dövlətlərin suverenliyinə hörmət selektiv deyil, universal prinsip olmalıdır. İkincisi, münaqişələrin qarşısının alınması və sülhün qorunması üçün beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən təsirli mexanizmlər yaradılmalıdır. Üçüncüsü, regional təhlükəsizlik yalnız siyasi bəyanatlarla deyil, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, qarşılıqlı etimad və ortaq inkişaf maraqları əsasında möhkəmləndirilməlidir. Bu mesajlar Azərbaycanın müasir xarici siyasətinin mahiyyətini ifadə etməklə yanaşı, beynəlxalq münasibətlər sisteminin qarşısında duran problemlərin həllinə dair prinsipial yanaşmanı ortaya qoyur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi indi regionda sülhün möhkəmləndirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında maraqlıdır. Ölkəmizin mövqeyi aydındır: davamlı sülh qarşılıqlı suverenliyə hörmət, beynəlxalq hüquqa sadiqlik və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi əsasında mümkündür. Bakıdan verilən bu mesajların əhəmiyyəti yalnız Azərbaycanın milli maraqları ilə məhdudlaşmır. Onlar beynəlxalq münasibətlərdə ədalətin, hüquqi məsuliyyətin və bərabərhüquqlu əməkdaşlığın qorunmasının bütün dövlətlər üçün nə qədər vacib olduğunu göstərir. Azərbaycanın tarixi təcrübəsi sübut edir ki, beynəlxalq hüququn kağız üzərində qalması münaqişələri uzadır, təcavüzkarın cəzasızlığı isə yeni təhlükələr yaradır. Eyni zamanda, milli iradə, siyasi qətiyyət və məsuliyyətli diplomatiya ölkələrə mürəkkəb geosiyasi şəraitdə öz maraqlarını qorumaq və yeni əməkdaşlıq imkanları yaratmaq imkanı verir.

Beləliklə, cənab Prezidentin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı olmaqla yanaşı, daha ədalətli, təhlükəsiz və əməkdaşlığa əsaslanan dünya nizamına dair siyasi baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın təcrübəsi göstərir ki, sülhün möhkəmləndirilməsi üçün güclü dövlətçilik, milli birlik, beynəlxalq hüquqa hörmət və qarşılıqlı öhdəliklərin icrası bir-birini tamamlayan əsas amillərdir. Bu prinsiplərin beynəlxalq münasibətlər sistemində ardıcıl tətbiqi regional sabitliyin qorunmasına və qlobal təhlükəsizliyin gücləndirilməsinə mühüm töhfə verə bilər.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı