16 oktyabr 2026 00:47
119

AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması

Azərbaycanın 2024-2026-cı illər üzrə bu təşkilata uğurlu sədrliyi, həmçinin 2026–2028-ci illərdə də quruma sədrliyini davam etdirməsi ölkəmizə göstərilən yüksək etimadın təzahürüdür

Bakı növbəti dəfə qlobal diplomatiyanın və regional əməkdaşlığın əsas mərkəzinə çevrilib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Toplantısı təkcə təşkilatın gələcək inkişaf kursunu müəyyən etmir, həm də Azərbaycanın Asiya və Avrasiya məkanında siyasi, iqtisadi və logistik mövqelərini keyfiyyətcə yeni mərhələyə qaldırır. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən unikal dialoq platformasıdır. Azərbaycanın 2024-2026-cı illər üzrə bu təşkilata uğurlu sədrliyi ölkəmizə çoxtərəfli diplomatiyanın inkişafına töhfə vermək və Asiyada dialoqun gücləndirilməsində aparıcı rol oynamaq imkanı yaradıb. Həmçinin 2026-2028-ci illərdə də quruma sədrliyini davam etdirməsi ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi diqqət çəkir. Ölkəmiz sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında həyata keçirərək təşkilatın institusional potensialının artırılmasını, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini və beynəlxalq əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirib. Bu yanaşma AQEM-in ənənəvi dialoq platforması statusundan daha səmərəli, nəticəyönümlü və davamlı fəaliyyət imkanlarına malik beynəlxalq təsisata çevrilməsi istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.

Dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən 7-ci Zirvə Toplantısında Asiya regionunda təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat bağlantıları əsas müzakirə obyektinə çevrilib. Sammit çərçivəsində tərəflər bir sıra mühüm istiqamətlər üzrə geniş fikir mübadiləsi aparıblar. Regionda sülhün və sabitliyin qorunması, qarşılıqlı etimad quruculuğu tədbirlərinin effektivliyinin artırılması və AQEM-in institusional imkanlarının gücləndirilərək tamhüquqlu beynəlxalq təşkilata transformasiyası, Şərq-Qərb və Şimal-Cənub xətləri üzrə nəqliyyat marşrutlarının koordinasiyası, yükdaşımaların həcminin artırılması və rəqəmsal nəqliyyat həllərinin tətbiqi, ticarət dövriyyəsinin genişləndirilməsi, yeni investisiya tərəfdaşlarının cəlb olunması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, eləcə də təhsil, elm, mədəniyyət, gənclər siyasəti, rəqəmsal texnologiyalar, universitetlərarası əlaqələr və tələbə-mütəxəssis mübadiləsi vasitəsilə xalqlararası münasibətlərin dərinləşdirilməsi və s.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif regionlarla balanslaşdırılmış münasibətlərin qurulması, milli maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə qarşılıqlı etimada söykənən tərəfdaşlıqların inkişaf etdirilməsidir. AQEM bu baxımdan Azərbaycan üçün yalnız siyasi dialoq məkanı deyil, həm də iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində konkret layihələrin təşviqi üçün effektiv platformadır. Təşkilat ölkəmizə Asiya dövlətləri ilə əlaqələrini sistemli şəkildə inkişaf etdirməyə və regional proseslərdə daha fəal rol oynamağa şərait yaradır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin eyni platformada təmsil olunması, onların ortaq problemləri müzakirə etməsi və mümkün razılaşmalar üzərində işləməsi çoxtərəfli diplomatiyanın real imkanlarını nümayiş etdirir. Xüsusilə ikitərəfli münasibətlərində gərginlik olan dövlətlərin belə bir platformada iştirakı dialoqun qorunmasının və qarşılıqlı əlaqə kanallarının açıq saxlanılmasının əhəmiyyətini göstərir. Belə şəraitdə Azərbaycanın ev sahibi və sədr kimi rolu təşkilati məsələlərlə yanaşı, siyasi dialoq üçün əlverişli mühitin formalaşdırılması ilə də bağlıdır. Çoxtərəfli platformaların uğuru bütün iştirakçıların maraqlarının nəzərə alınmasından, müzakirələrin konstruktiv xarakter daşımasından və yekun sənədlərdə ortaq mövqelərin əks olunmasından asılıdır.

Toplantı çərçivəsində Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsi də təşkilatın coğrafi əhatəsinin genişlənməsi baxımından əlamətdar nəticədir. Üzvlüyün genişlənməsi platformanın Asiyada dialoq və əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, müxtəlif subregionların maraqlarının daha dolğun təmsil olunmasına şərait yaradır. Bununla belə genişlənmənin real faydası yeni üzvlərin təşkilatın fəaliyyətinə fəal cəlb olunması və mövcud əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə etməsi ilə müəyyənləşəcək. Tədbirin gündəliyində AQEM çərçivəsində fəaliyyətin təkmilləşdirilməsinə və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönələn sənədlərin qəbulu da xüsusi yer tutur. Bu sənədlər təşkilatın prioritetlərini müəyyənləşdirmək və üzv dövlətlər arasında gələcək fəaliyyət üçün ortaq siyasi çərçivə formalaşdırmaq baxımından əhəmiyyətlidir.

AQEM-in 7-ci Zirvə Toplantısının əsas siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulunun nəzərdə tutulması Azərbaycanın sədrliyinin nəticələrinin qiymətləndirilməsi baxımından mühüm məqamdır. Bəyannamədə Azərbaycan sədrliyinin üzv dövlətlər tərəfindən təqdir edilməsi, son iki il ərzində müxtəlif sahələrdə irəli sürülmüş təşəbbüslərin və keçirilən tədbirlərin alqışlanması nəzərdə tutulur. Bu, sədrliyin fəaliyyətinə siyasi qiymət verilməsi ilə yanaşı, AQEM-in gələcək inkişafı üçün müəyyən edilmiş prioritetlərin davam etdirilməsi baxımından da əhəmiyyət daşıyır. Bəyannamənin beynəlxalq nizam, hərbi-siyasi təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ətraf mühit sahələrində risklərə dair müddəaları təşkilatın gündəliyinin çoxşaxəli xarakterini əks etdirir. Müasir çağırışlar artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. İqlim dəyişmələri, enerji təhlükəsizliyi, təchizat zəncirlərindəki problemlər, rəqəmsal təhdidlər və texnoloji inkişafdan qaynaqlanan risklər regional əməkdaşlığı zəruri edir.

Sevinc Azadi, “İki sahil”