11 noyabr 2022 00:26
493

Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər artacaq

Azərbaycanda sosial amilə verilən əhəmiyyət gələn il üçün də aktual olacaq. Bu özünü 2023-cü ilin dövlət büdcəsində  aydın şəkildə göstərir. 2023-cü il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 15 milyard 218,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 289,2 milyon manat və ya 9,3 faiz çoxdur.

Sosialyönümlü xərclərə əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta və koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər xərclər aiddir.  Son 5 ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 14 faiz-bənd, mütləq ifadədə isə 7 milyard 457,6 milyon manat və ya 2 dəfə artıb.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş sosial tədbirlərin maliyyə təminatı üçün 1 milyard 144 milyon manat, o cümlədən sosial dəstək tədbirləri üçün 848,6 milyon manat vəsait yönəldiləcək.

Gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılaraq 6 milyard 264 milyon manat məbləğində qiymətləndirilib. Bu isə cari ildəki məbləğdən 658 milyon manat və ya 12 faiz artıqdır. Məcburi dövlət sosial sığorta üzrə gəlirlər 4 milyard 784 milyon manat proqnozlaşdırılır. Bu da cari ilə nisbətən 10 faiz və ya 422 milyon manat çoxdur. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ediləcək transfertin məbləğinin isə 1 milyard 468 milyon manat olacağı gözlənilir. Transfert Fondun gəlirinin 23 faizini təşkil edəcək.

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu da cari illə müqayisədə 12 faiz artıq deməkdir. Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ildən 650 milyon manat artıq, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək.

Əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir. Növbəti ildə orta məbləğlərdə ciddi artım gözlənilir və yaşa görə göstəricinin 450 manatın üzərinə, ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatın üzərinə çıxacağı proqnozlaşdırılır.

İşsizlikdən Sığorta Fondunun büdcəsi 212 milyon 700 min manat məbləğində proqnozlaşdırılır. Burada sığorta haqları üzrə gəlirlər 159,6 milyon manat, 53 milyon manat isə ehtiyatdan cəlb edilən vəsait kimi proqnozlaşdırılır. İşsizliyə görə sığorta ödənişinin əhatə dairəsinin artırılması və 11 milyon manat olaraq həyata keçirilməsi proqnozlaşdırılır.

Ceyhun Piriyev, “İki sahil”