12 noyabr 2022 02:15
607

Vergi ödəyicilərinin sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451 milyon 375,4 min manat vəsait daxil olub

Azərbaycanda sahibkarlıq mühitində ciddi canlanma müşahidə edilməkdədir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində 12 min 975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,5 faizi yerli investisiyalı, 23,5 faizi xarici investisiyalı qurumlardır. Bu da  artıq, əgər belə demək mümkündürsə, postpandemiya dövrü olmasına baxmayaraq ölkə iqtisadiyyatına xarici investorların da maraq göstərdiyini nümayiş etdirir. 

Hesabat dövründə yeni qeydiyyatdan keçənlərlə bərabər, fəaliyyətini bərpa edən subyektlərin də sayı artıb. 2022-ci ilin 10 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5 faiz artıb.

Ümumilikdə, cari ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 397 min 137 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxs, 12,5 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,1 faiz (ümumi artımın 82,5 faizi), hüquqi şəxslərin sayı 9,4 faiz (ümumi artımın 17,5 faizi) artıb.

2022-ci il noyabr ayının 1-i tarixinə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin noyabr ayının 1-nə 383 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Ancaq bu, o demək deyil ki, ölkədə  bir milyondan çox sayda vergi ödəyən subyekt var. Xidmətin ötən ay açıqladığı məlumata görə, cari ilin oktyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı 699 min 553 olub.  Bu, ilin əvvəli ilə müqayisədə 5,2 faiz  çoxdur. 

Həmçinin yanvar-sentyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb və 38 min 81 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188 min 690-a çatıb.

Vergi ödəyicilərinin sayının artması özünü vergi daxilolmalarında da göstərir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451 milyon 375,4 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 64,5 faiz və ya 4 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 222 milyon 31,3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2 faiz çoxdur.

Ceyhun Piriyev, “İki sahil”