2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi, xərcləri də ölkə tarixində ən yüksək göstəricidir
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur. Büdcə layihəsindən aydın olur ki, 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard manat proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat həcmində nəzərdə tutulur. Bu, 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi, xərcləri də ölkə tarixində ən yüksək göstəricidir.
2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manatın xərclənməsi planlaşdırılır. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.
Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Əlavə vəsaitlər dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanmasına sərf olunacaq.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
2023-cü ildə ölkə büdcəsinin gəlirlər hissəsində bir sıra dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər müxtəlif vergi növləri üzrə yığımların artımını ehtiva edir. Belə ki, gələn il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların cari ildəkindən 13,1 faiz çox olmaqla 1 milyard 680 milyon manat təşkil edəcəyi gözlənilir. Hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 21,3 faiz çox olmaqla 6 milyard 417 milyon manat proqnozlaşdırılır. Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 28,3 faiz çox - 302,8 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.
2023-cü ildə Azərbaycanda builkindən 5,1 faiz çox - 6 milyard 10,3 milyon manat əlavə dəyər vergisi (ƏDV) toplanması proqnozlaşdırılır. Bunun 2 milyard 814,3 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 milyard 196 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 6,9 faiz və 3,6 faiz çoxdur. Sadələşdirilmiş vergi üzrə büdcəyə daxil olacaq vəsaitlərin isə bu ilin proqnozundan 18,6 faiz çox olmaqla 278,6 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.
Gələn il üçün büdcə gəlirlərində 5,2 faizlik - təxminən 1,5 milyard manat artım olması nəzərdə tutulur. Hökumətin təqdim etdiyi statistik göstəricilərdən aydın olur ki, bu artımda neft-qaz və qeyri-neft-qaz sektorunun payı 50/50-yədir. Yəni bu artımın 760 milyon manatı neft sektorundan, 764 milyon manatı isə qeyi-neft sektorundan təmin ediləcək. Ümumilikdə, neft sektorundan vergi daxilolmalarında artım daha çoxdur (25 faiz). Büdcənin vergi daxilolmaları 2022-ci il üçün 4 milyard 20 milyon manat, 2023-cü il üçün isə 5 milyard 17 milyon manat proqnozlaşdırılır. Neft Fondundan transfertdə azalan məbləğ çıxıldıqda, neft sektorundan daxilolmalarda 760 milyon manat artım olacaq.
2023-cü ildə qeyri-neft büdcə daxilolmalarının 14,4 milyard manat olması nəzərdə tutulur. Hökumətin arxayın olduğu məsələlərdən biri də neft-qaz gəlirlərinin artmasıdır. Xüsusilə qaz ixracından gəlirlər daha çox artacaq. Həm ixrac həcmləri artacaq, həm də enerji qiymətlərinin ciddi ucuzlaşması gözlənilmir. Bu ilin birinci yarısında qaz ixracından gəlirlər daha çox artıb, bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir.
Cavid Əkbərov, “İki sahil”