Azərbaycanda verilən kreditlərin ümumi məbləği artmaqdadır. Mərkəzi Bankın məlumatına görə, cari ilin 9 ayında bankların kredit portfeli 15 faiz və ya 2 milyard 498,1 milyon manat artaraq 19 milyard 157,2 milyon manata çatıb. Bu dövrdə biznes kreditləri 10,7 faiz və ya 1 milyard 40,9 milyon manat, istehlak kreditləri 24 faiz və ya 1 milyard 83,2 milyon manat, ipoteka kreditləri isə 15,6 faiz və ya 374 milyon manat artıb.
Cari ilin 9 ayının yekununda bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz (10 milyard 780,9 milyon manat) təşkil edib. İlin əvvəlində bu göstərici 58,5 faiz idi. Biznes kreditlərinin ümumi kredit portfelində payının azalması istehlak kreditlərinin daha böyük templə artması ilə bağlıdır. Bununla da ilin əvvəli ilə müqayisədə istehlak kreditlərinin portfeldəki payı 27,1 faizdən 29,2 faizə yüksəlib.
Həmçinin iqtisadiyyata investisiya qoyuluşlarında artım olsa da burada bank kreditlərinin payı azalmaqdadır. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə əsas kapitala qoyulmuş investisiyalar ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artsa da bank kreditləri 48,7 faiz azalıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə bank kreditlərinin əsas kapitala nisbəti 5,7 faizdən 3 faizə enib.
Kredit qoyuluşlarının sahələr üzrə strukturuna nəzər salanda isə məlum olur ki, onların yarıdan çoxu - 54,4 faizi ev təsərrüfatlarına verilib. Cari ilin sentyabr ayının sonuna qədər bu sahəyə 10 milyard 708,6 milyon manat kredit verilib ki, bu da ilin əvvəli ilə müqayisədə 24,4 faiz çoxdur. Ev təsərrüfatları kateqoriyasına ipoteka kreditləri də aiddir. Hesabat dövründə ticarət və xidmət sektoruna verilmiş vəsaitlər isə ümumi kreditlərin 16,3 faizini və ya 3 milyard 202,8 milyon manatını təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 7,8 faiz çoxdur.
Sentyabr ayının sonuna ümumi verilmiş kreditlərin 6 faizi inşaat və tikinti, 5,6 faizi sənaye və istehsal, 4 faizi nəqliyyat və rabitə, 3,2 faizi mədənçıxarma və elektrik enerjisi, qaz buxar və su təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı sektorlarına verilib. İlin əvvəli ilə müqayisədə cari ilin oktyabr ayının əvvəlinə mədənçıxarma və elektrik enerjisi, qaz buxar və su təsərrüfatı sektoru istisna olmaqla digərlərinə kredit qoyuluşunda artım olub.
Ceyhun Piriyev, “İki sahil”