Ölkədə bu ilin əvvəlindən gücləndirilmiş antiinflyasiya tədbirlərinə başlanılıb. Belə ki, yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Eyni zamanda, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olmuşdu. Bundan başqa, Baş nazir fevralın 21-də "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalamışdı. Bu sərəncamla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə müvafiq qurumlara tapşırıqlar verilmişdi.
Ə.Əsədovun sədrliyi ilə martın 29-da keçirilən müşavirədə isə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunmuşdu.
Ötən dövrdə inflyasiyanın dinamikası necə dəyişib?
İlin əvvəlində - yanvar ayında inflyasiya 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 faiz təşkil etmişdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, artıq 2022-ci ilin yanvar-oktyabr aylarında inflyasiya 13,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz təşkil edib. Yanvar-oktyabr ayları ərzində ümumi inflyasiya göstəricisinin dinamikasına nəzər salanda məlum olur ki, fevral və mart aylarında bu göstəricidə azalma olsa da sonrakı aydan etibarən yüksəlməyə başlayıb. Artım əsasən qida məhsullarının qiymətləri hesabına olub. Belə ki, qida məhsulları üzrə inflyasiya yanvar-oktyabr aylarında 20,1 faiz təşkil edib.
Həmçinin oktyabr ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə inflyasiya 15,6 faiz, o cümlədən ərzaq məhsulları üzrə 21 faiz, qeyri-ərzaq məhsulları üzrə 10,9 faiz, xidmətlər üzrə isə 12 faiz olub.
İstehsalçı və idxal qiymətlərində artım daha yüksəkdir. İstehsalçı qiymətləri məhsula istənilən vergini, alıcıya əlavə edilmiş məbləği nəzərə almadan, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir. Bu göstərici cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrünə nisbətən qeyri-neft sənayesində 18,1 faiz, kənd təsərrüfatında 17,4 faiz, poçt və kuryer xidmətlərində 50,8 faiz olub. İdxal olunan məhsullara gəlincə, yanvar-avqust aylarında ölkəyə gətirilmiş məhsulların qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artıb.
Ceyhun Piriyev, “İki sahil”