16 noyabr 2022 03:28
581

Qafqazda ən əlverişli investisiya məkanı

Bu ilin on ayında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib

Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına mühüm töhfə verməkdədir. Müstəqillik illərindən bu günədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata yatırılan 300 milyard dollara yaxın sərmayənin yarısı xarici ölkə şirkətlərinin payına düşür. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir. Ötən il ölkəmizə ən çox investisiya yatıran ölkələrin siyahısına nəzər yetirsək görərik ki, 2021-ci ildə Azərbaycana xaricdən 4 milyard, 795 milyon, 271 min dollar dəyərində birbaşa investisiya yatırılıb. Bu, 2020-ci illə müqayisədə 5,9 faiz çoxdur. İnvestisiyaların mənbələrinə gəldikdə, ötən il Azərbaycana ən çox investisiya yatıran Böyük Britaniya (1.586,61 milyon dollar), Türkiyə (700,19 milyon dollar) və ABŞ (507, 39 milyon dollar) olub.

Eyni zamanda, hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatıran qüdrətli dövlətə çevrilib. Təkcə 2021-ci ilin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, ötən il Azərbaycan xarici ölkələrə 825,79 milyon dollar həcmində birbaşa investisiya yatırıb. Ölkəmiz tərəfindən 2021-ci ildə ən çox investisiya Türkiyəyə qoyulub - 280,54 milyon dollar. Təsadüfi deyildir ki, ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi "2022 İnvestisiya Hesabatları: Azərbaycan" adlı sənəddə də göstərilir ki, Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir. Amerikalı iqtisadçıların hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 4,3 faiz kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6 faiz böyüyüb. İqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1,7 faiz, qeyri-neft sektoru 7,2 faiz artıb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistika. Vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər səmərə verib. Lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan "ASAN xidmət"in lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması istiqamətində və vergi sistemində islahatlar aparılıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiyalar 23,8 faiz artıb. Hesabat dövründə istifadə olunmuş vəsaitin 6 585,4 milyon manatı və yaxud 55,9 faizi məhsul istehsalı sahələrinə, 4 457,5 milyon manatı və yaxud 37,9 faizi xidmət sahələrinə, 731,6 milyon manatı və yaxud 6,2 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. 9 aylıq investisiya qoyuluşunun 9 043,3 milyon manatını və yaxud 76,8 faizni daxili vəsaitlər təşkil edib, 8 663,9 milyon manatı və yaxud 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 faiz, büdcə vəsaitləri 36,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 3,9 faiz, bank kreditləri isə 2,8 faiz paya malik olub.

Onu da qeyd edək ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə - külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb. Bunu Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması zamanı söyləyib. Dövlət başçısı bildirib ki, Aİ də Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində malik olduğu böyük potensialı qiymətləndirib: "Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 giqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür".

Göründüyü kimi, Azərbaycanın təkmil islahatları davamlı iqtisadi inkişafı və maliyyə imkanlarının artmasını şərtləndirir ki, bunlar da öz növbəsində  ölkəmizin hərtərəfli inkişafına, həmçinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə  yol açan mühüm layihələrin icrasını stimullaşdırır. İnvestisiya imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artmasından da aydın görünür.

Sevinc Azadi, “İki sahil”