17 noyabr 2022 01:57
643

İnvestorlar üçün cəlb edici ölkə

Son 1 ildə qeyri-neft-qaz sektoruna qoyulan investisiyalar 23,8% artıb

Dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi investisiya-  innovasiya siyasəti qazanılan bir çox uğurların əsasını təşkil edir. Makroiqtisadi sabitliyin və iqtisadi artımın təmin olunmasında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, bir çox sosial-iqtisadi problemlərin həllində ölkədəki investisiya durumu vacib şərtlərdən biridir.

Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib. Ölkədə yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Mövcud investisiya siyasəti, yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Daim təkmilləşən islahatçı biznes mühiti nəticəsində bütün investorlar üçün bərabər hüquqlar və imkanlar yaradılıb. Eyni zamanda bu sahədə güclü mühafizə siyasəti və qanunvericiliyin yaradılması investorlar üçün cəlbedici amillərdir.

Bu gün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabitliyin hökm sürdüyü ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi artıq 280 milyard dollara çatıb.

Azərbaycanın hazırda bir sıra regional və qlobal layihələrdə investor ölkə kimi çıxış etməsi onu mühüm geosiyasi aktora, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkəyə çevirib. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) Cənub Qaz Dəhlizi kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biri olmuş və həmin layihələr uğurla tamamlanmışdır.

Azərbaycanın təşəbbüskarlığı ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.

Artıq iri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir. Hazırda işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində işlər aparılır, bir sıra ölkələr ərazilərin bərpası, infrastruktur layihələrinin reallaşmasında yaxından iştirak edir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox vəsait yönəldilib. Azərbaycan iqtisadiyyatı 5%-dən çox böyüyüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, son 1 ildə qeyri-neft-qaz sektoruna qoyulan investisiyalar 23,8% artıb. Hesabat dövründə istifadə olunmuş vəsaitin 6 585,4 milyon manatı və yaxud 55,9 %-i məhsul istehsalı sahələrinə, 4 457,5 milyon manatı və yaxud 37,9 %-i xidmət sahələrinə, 731,6 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bu ilin 9 ayında investisiya qoyuluşunun 9 043,3 milyon manatını və yaxud 76,8%-ni daxili vəsaitlər təşkil edib, 8 663,9 milyon manatı və yaxud 73,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2%, büdcə vəsaitləri 36,3%, əhalinin şəxsi vəsaitləri 7,8%, sair vəsaitlər 3,9%, bank kreditləri isə 2,8% paya malik olub.

Cavid Əkbərov, “İki sahil”