16 noyabr 2022 23:49
691

Hansı daha çox artır: Gəlirlərimiz, yoxsa inflyasiya?

Ölkə əhalisinin gəlirlərinin artımı inflyasiyanı üstələməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri 20,4 faiz artıb, inflyasiya isə 13,7 faiz təşkil edib.

Rəsmi statistikaya görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 20,4 faiz artıb. Təkcə yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat təşkil edib.

İnflyasiyaya gəlincə, 2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 faiz, qeyri-ərzaq malları üzrə 107,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib. Başqa sözlə, cari ilin 10 ayı üzrə orta inflyasiya 13,7 faiz təşkil etsə də, ərzaq məhsulları, içkilər və tütün məmulatlarında bu göstərici daha yüksək – 19,4 faiz olub.

Oktyabrda istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq ayına nisbətən 115,6 faiz təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 121 faiz olub.

İstehlak qiymətləri indeksi orta alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İstehlak qiymətləri indeksi inflyasiya göstəricisi kimi qəbul edilir.

Yanvar-oktyabr ayları üzrə dinamika ondan xəbər verir ki, orta illik inflyasiya göstəricisi yüksələn xətt üzrə davam edir. Bununla belə, inflyasiya göstəricisi əhalinin gəlirlərindən, o cümlədən muzdla işləyənlərin əməkhaqlarının nominal artımından geri qalır. Beləliklə, cari ilin yanvar-oktyabr aylarında əhalinin gəlirlərinin nominal artımı 20,4 faiz olsa da  real artımı 6,7 faiz təşkil edib.  Əhalinin gəlirlərinin nominal artımı hətta içkilər və tütün məmulatları üzrə inflyasiya göstəricisini də 1 faiz-bənd üstələyib.

Ceyhun Piriyev, “İki sahil”