Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 76,8 faiz çoxdur.
Azərbaycanın ixracı və idxalı arasında 3,1 dəfə və ya 23 milyard 123 milyon 844 min ABŞ dolları fərq yaranıb. Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir ki, 2022-ci ilin yanvar – oktyabr aylarında Azərbaycanın ixrac əməliyyatları 34 milyard 711 milyon 427 min ABŞ dolları, idxal əməliyyatları 11 milyard 587 milyon 582 min dollar olub.
Ötən ilin yanvar – oktyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26 milyard 182 milyon 697 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 16 milyard 848 milyon 911 min dollar, idxal isə 9 milyard 333 milyon 786 min dollar olmuşdu. Bu da o deməkdir ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 2,1 dəfə, idxal 24,15 faiz artıb.
Cari ilin 10 ayında ixracın 93,13 faizini neft-qaz sektoruna aid məhsullar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə 87,81 faiz idi. Başqa sözlə, bu sektorun ixracda payı son bir ildə 5,32 faiz-bənd artıb. Bu dövrdə neft-qaz sektorunda ixracın dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfədən çox artıb. İxracın dəyərinin artması qiymət amili ilə bağlıdır.
Qeyri-neft ixracının ümumi ixracda payının azalmasına baxmayaraq bu sektorda ixracın dəyəri hesabat dövründə 16,2 faiz artıb. Qiymət amili burada da aktual olaraq qalmaqdadır. Belə ki, bəzi məhsul qruplarının ixracında fiziki çəkisi azalsa da dəyəri artıb. Başqa ifadə ilə qiymətin artması fiziki çəkidəki azalmanı kompensasiya edib.
Meyvə-tərəvəz ixracının fiziki çəkisi 3,6 faiz azalsa da dəyəri 5,2 faiz artıb. Kimya sənayesi məhsullarında isə hər iki göstərici çoxalıb. Belə ki, illik müqayisədə belə məhsulların ixracının fiziki çəkisi 1,4 dəfə, dəyəri isə 2 dəfədən çox olub. Lakin dəyərin artım tempinin fiziki çəkini üstələməsi burada da qiymət amilinin roluna işarə edir.
Plastmassa və onlardan hazırlanan məmulatların ixracının fiziki çəkisi 10,6 faiz, dəyəri 6,4 faiz azalıb. Pambıq lifinin ixracında da fiziki çəkidə 36,9 faizlik azalmaya baxmayaraq dəyərində 5,7 faiz kiçilmə olub. Həmçinin qara metallar və onlardan hazırlanan məmulatların ixracının fiziki çəkisi 2,2 faiz artsa da, dəyəri 24,5 faiz artıb. Alüminium və ondan hazırlanan məmulatların ixracının isə fiziki çəkisi 2 faiz azalsa da, dəyəri 25,7 faiz çoxalıb.
Ceyhun Piriyev, “İki sahil”