“Azərbaycanda kistoz-fibroz xəstəliyinin hansı tezliklə rast gəldiyi hələki məlum deyil. Xəstələrin əksəriyyəti Bakıda, bəziləri isə rayonlardandır.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycanda Kistoz-Fibrozda Yeni Dövr" adlı tədbirdə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. Onun sözlərinə görə, ölkədə il ərzində təxminən 150.000 doğum olur: “Bu xəstəliyə təxmini rastgəlmə tezliyi isə 5000-də 1-dir. İllik təxmini yeni xəstə sayı 30 hesab olunur. Lakin biz bu xəstələri tapmaqda əziyyət çəkirik. Hazırda kistoz-fibrozdan əziyyət çəkən 47 xəstə var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olub və kistoz-fibroz xəstəliyi 1 iyul 2022 tarixindən etibarən əlillik siyahısına alınıb. Dövlət hesabına reabilitasiya xidməti təşkil edilib. Kistoz-fibroz xəstələrinin müalicəsində istifadə edilən bəzi dərman preparatları əlilliyi olan şəxslər üçün nəzərdə tutulan və dövlət hesabına təmin edilən dərmanlar siyahısına əlavə edilib”.
O qeyd edib ki, dünyada bu xəstəliyə ən çox Rusiya, Türkiyə, ABŞ, Ukrayna, İrlandiya, Hindistan, Yaponiyada rast gəlinir.