22 noyabr 2022 02:15
584

Qeyri-neft sektoru: Hansı məhsulların ixracında artım var?

Azərbaycanın qeyri-neft ixracının dəyəri artmaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 386 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5 faiz, çay ixracı isə 48,9 faiz artıb.

Kimya sənayesi məhsullarında hər iki göstərici çoxalıb. Belə ki, illik müqayisədə belə məhsulların ixracının fiziki çəkisi də 1,4 dəfə artıb. Lakin dəyərin artım tempinin fiziki çəkini üstələməsi burada da qiymət amilinin roluna işarə edir. Burada karbamid ixracını xüsusilə vurğulamaq lazımdır. Belə ki, bu dövrdə karbamid ixracının fiziki çəkisi 20,9 faiz artsa da dəyəri 2,6 faiz yüksəlib. Karbamid ixracının dəyəri 181  milyon 858 min dollar olmaqla qeyri-neft sektoru üzrə birinciliyini davam etdirir.

Alüminium və ondan hazırlanan məmulatların ixracının isə dəyəri artsa da fiziki çəkisi 2 faiz azalıb. Qara metallar və onlardan hazırlanan məmulatların ixracının da dəyəri 24,5 faiz artsa da fiziki çəkisi 2,2 faiz çoxalıb. Plastmassa və onlardan hazırlanan məmulatların ixracının fiziki çəkisi 10,6 faiz,  dəyəri 6,4 faiz azalıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5 faizini təşkil edib. Meyvə-tərəvəz ixracının fiziki çəkisi 3,6 faiz azalsa da dəyəri 5,2 faiz yüksəlib. Burada ən böyük paya malik olan pomidor ixracının  fiziki çəkisi 4,5 faiz azalsa da  dəyəri 5,8 faiz artıb. Pomidor ixracının dəyəri 137 milyon 140 min dollarla qeyri-neft ixracının əsas məhsullarından biridir. 

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artıb. Pambıq lifinin ixracında da fiziki çəkidə 36,9 faizlik azalmaya baxmayaraq dəyərində 5,7 faiz kiçilmə olub. Bununla belə, ixracın azalması bu məhsulun qeyri-neft ixracı üzrə ilk yerlərdən birindən məhrum etməyib.   

2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon dollar təşkil edib. 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 17,5 faiz artaraq 196,2 milyon dollara bərabər olub.

Ceyhun Piriyev, “İki sahil”