Avropanı təbii qazla təmin edən Azərbaycan hazırda iqtisadi inkişafının yeni mərhələsini yaşayır
Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədikləri enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq və sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. Artıq iki ildir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.
Prezident İlham Əliyev ölkəmizin mövqelərini möhkəmləndirmək, Azərbaycanı qlobal ticarət üçün mühüm keçid məntəqəsinə çevirmək və Avropada həyati enerji mənbəyi olmaq, daha çox beynəlxalq siyasi dəstək qazanmaq üçün real şəraitdən səmərəli istifadə edir. Rusiya-Ukrayna gərginliyinin yaratdığı geosiyasi proseslərin mərkəzində Türkiyə-Azərbaycan vektoru durur. Cənub Qaz Dəhlizinin Azərbaycandan başlayan ikinci hissəsinin tamamlanmasından sonra Avropaya 20 milyard kubmetr “mavi yanacaq” ixrac ediləcək. Qaz ixracı infrastrukturunun inkişafını sürətləndirmək məqsədilə Aİ Azərbaycanla Avropanı birləşdirən qaz müqavilələrinin artırılması üçün 2,1 milyard dollar məbləğində maliyyələşdirməni təsdiqləyib.
Aİ-nin Çindən gələn ticarət yollarına alternativ axtarışı Azərbaycan, Gürcüstan, Özbəkistan və Çini Avropa ilə birləşdirən Orta Ticarət Dəhlizinə marağın artmasına səbəb olub. Son nəticədə Türkiyədən Avropaya çatacaq bu marşrutun onurğa sütunu isə Azərbaycandır. Brüssel yaxşı bilir ki, bu dəhlizin uğuru Azərbaycanda infrastrukturun gücləndirilməsindən asılıdır və bu, Avropa Komissiyasını sənaye sahəsində çalışan 25 min kiçik şirkəti dəstəkləmək üçün 2,2 milyard dollarlıq maliyyələşdirmə elan etməyə vadar edib. Eyni zamanda, Bakı Beynəlxalq Ticarət Limanının inkişafına da dəstək veriləcək. Azərbaycan hazırda paytaxtdan 70 kilometr cənubda yerləşən Ələtdə azad ticarət zonasını genişləndirir. Artıq Bakı limanının yenilənməsi və genişləndirilməsi işlərinin iki mərhələsi başa çatıb. Çindən Türkmənistana gələn bütün yüklər arasında birləşdirici nöqtə olacaq Xəzər dənizinin qərb ucu və sözügedən liman Şərqdən Qərbə konteynerlərin və yüklərin daşınması üçün nəzərdə tutulub. Bu, Bakı limanını qlobal ticarət üçün əhəmiyyətli bir nöqtəyə çevirəcək.
Azərbaycan artıq Aİ üçün nüfuzlu ölkəyə çevrilməyə müvəffəq olub. Bakı enerji və ticarət sahələrində avropalılar üçün əsas tərəfdaşdır və Azərbaycan ilə Aİ arasında keçirilən yüksək səviyyədə görüşlər bunun sübutudur.
Cavid Əkbərov, “İki sahil”