23 noyabr 2022 01:15
423

Regionların inkişafı: İnvestisiyalar, iş yerləri…

Regionların inkişafı Azərbaycanda uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İndiyədək bu sahədə qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki üç Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Hazırda icra edilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da 3 ili arxada qalıb. Bu müddətin bir hissəsini COVID-19 pandemiyası əhatə etsə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər davam etdirilir.Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb,elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 774,5 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalsa da qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artıb. Ümumi sərmayənin 6 milyard 585,4 milyon manatı və ya 55,9 faizi məhsul istehsalı sahələrinin, 4 milyard 457,5 milyon manatı (37,9 faizi) xidmət sahələrinin, 731,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 49,8 faizi dövlət, 50,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 73,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 76,8 faizini təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 5 milyard 788,1 milyon manat, büdcə vəsaitləri 4 milyard 280,7 milyon manat, əhalinin şəxsi vəsaitləri 916,5 milyon manat, sair vəsaitlər 462 milyon manat, bank kreditləri 327,2 milyon manat təşkil edib.

Bu dövrdə neft-qaz sektoruna 3 milyard 945,2 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun yönəldilmiş 7 milyard 829,3 milyon manatlıq vəsaitin 975,6 milyon manatı (ümumi sərmayənin 8,3 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.

Hesabat dövründə Bakı şəhərində Tədris və Xidmət Kompleksi, “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası, “Qobu” yarımstansiyası və “Qobu” Elektrik Stansiyası, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutunun yeni binası, 7 saylı “ASAN xidmət” mərkəzi, “Bilim Bakı” mərkəzi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 304 nömrəli tam orta məktəb, şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksi, 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi, Badam emalı zavodu, Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi, Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrının yeni binası, Gəncə regional “ASAN xidmət” Mərkəzi, Gəncə lokomotiv deposu, Ağsu rayonunda Gənc Sənətkarlar Mərkəzi, Dövlət Rəmzləri Muzeyi, Ağcabədi rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi şəhərciyi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası, Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsi, Arximed turbini tipli Su Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Bu ilin doqquz ayı ərzində ölkədə 51,8 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 80,5 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, o cümlədən 3,5 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,2 faizi Quba-Xaçmaz, 2,1 faizi ŞirvanSalyan, 1,8 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Lənkəran-Astara, 1,3 faizi Qarabağ, 1,0 faizi Qazax-Tovuz, 1,0 faizi Mərkəzi Aran, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Ceyhun Piriyev, “İki sahil”